Tarixə uğurlu il kimi daxil olan 2014-cü il Naxçıvan Muxtar Respublikası üçün də əlamətdar hadisələrlə yadda qaldı. Yola saldığımız ildə Naxçıvan Muxtar Respublikasının 90 illiyi qeyd olundu. Əvvəlki illərdə olduğu kimi, "muxtariyyət ili"ndə də iqtisadi və sosial həyatın bütün sahələrində tərəqqiyə nail olundu, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirildi. Xüsusilə, abadlıq-quruculuq işlərinin əhatə dairəsinin genişlənməsi qədim Naxçıvanın müasir görkəmini daha da füsunkar etdi. Başa vurduğumuz ilin uğurlu sosial-iqtisadi yekunları muxtar respublika əhalisini yeni ili daha yüksək bayram əhval-ruhiyyəsi ilə qarşılamağa ruhlandırır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, muxtar respublikada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ruh yüksəkliyi, möhtəşəm təntənə və bayram gəzintisi şəraitində qeyd edilib. Naxçıvan şəhərində bir neçə gün əvvəldən bayramların gəlişi münasibətilə yolkalar bəzədilib, şəhər bayram libasına bürünüb.
Dekabrın 31-də axşam saatlarında minlərlə sakin və şəhərimizin qonaqları Heydər Əliyev prospektində - şəhərin mərkəzi meydanında toplaşıb, həmrəylik bayramını birlikdə qeyd ediblər. Meydanda konsert proqramı təşkil olunub, Vətənimizi, həmrəyliyi, milli dəyərləri, yeni ili tərənnüm edən mahnılar səslənib, gənclər rəqs edərək xoş dəqiqələr keçiriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda və digər yerlərdə quraşdırılan monitorlar vasitəsilə canlı yayımlanıb. Azərbaycan xalqına təbriklərini çatdıran ölkə Prezidenti deyib: "Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, bu gün qüdrətli, müstəqil Azərbaycan dövləti vardır. Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz 23 ildir ki, müstəqilik və müstəqil siyasət aparırıq. Milli maraqlar, milli dəyərlər üzərində qurulmuş bu müstəqil siyasət bugünkü Azərbaycan reallıqlarını təmin edir. Bu gün Azərbaycan dinamik, sürətlə inkişaf edən ölkədir. Azərbaycan demokratiya, azadlıq, müstəqillik, tərəqqi, inkişaf yolu ilə uğurla gedən ölkədir. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir".
Gecə saatlarında şənliyə toplaşan sakinlər möhtəşəm bayram atəşfəşanlığını seyr edib, yurdumuza ilk qədəmlərini qoyan yeni ili xoş arzular və böyük təntənə ilə qarşılayıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB