Lerikin Piran-Veri avtomobil yolunda yeni körpü istifadəyə verildi FOTOLAR
Veri və Tikəband kənd inzibati ərazi dairəsinin kəndlərinə gedən Piran-Veri avtomobil yolunun Davradibi çayı üzərində yeni inşa edilmiş körpünün açılış mərasimi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, təşkilat və müəssisələrin rəhbərləri və hər iki ərazidən ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri açıq elan edən rayon icra hakimiyyəti başçısı aparatının sektor müdiri Əlipənah Bayramov son illər rayonda aparılan tikinti-quruculuq, abadlıq işlərini diqqətə çatdırıb, 2014-cü ilin rayon üçün uğurlu il olduğunu qeyd edib.
Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək tədbir iştirakçılarını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il və körpünün açılışı münasibəti ilə təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycan cənab İlham Əliyevin titanik fəaliyyəti nəticəsində uğurla inkişaf edir, əhalinin həyat səviyyəsi gündən-günə yaxşılaşır. Son illər ən ucqar kəndlərimizdə belə 60-a yaxın məktəbin tikintisi və əsaslı təmiri, 38 kəndimizdə mavi qazın yanması, yeni iş yerlərinin açılması, mədəniyyət və səhiyyə ocaqlarının, uşaq bağçalarının tikintisi, bir neçə istiqamətdə əsas magistral avtomobil yollarının asfaltlaşdırılması, su xətlərinin çəkilməsi, kanalizasiya şəbəkəsinin yaradılması, modul elektrik stansiyasının, dağ çayları üzərində körpülərin tikilməsi Cənab Prezidentin diqqət və qayğısının təzahürüdür.
Sonra rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək kənd əhalisini təbrik edib. Bildirib ki, tökmə dəmir-beton konstruksiyadan istifadə edilməklə Davradibi çayının üzərində uzunluğu 15, eni 4.5, hündürlüyü 3.5 metr olan yeni inşa edilmiş körpü cənab Prezidentin diqqət və qayğısının bariz nümunəsidir. Son 10 il müddətində cənab Prezidentin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində respublikamızda və rayonumuzda aparılan abadlıq-quruculuq işləri, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edir. Uzun illər idi ki, Veri və Tikəband kənd inzibati ərazi dairələrinə daxil olan 13 kəndin 7 mindən çox əhalisi bu körpünün tikintisini arzu edirdi. Nəhayət, bu gün, yeni il ərəfəsində körpünün açılışına nail olduq. Arzu edirəm ki, yeni il rayonumuz və hər biriniz üçün uğurlu, düşərli olsun.
Daha sonra Tikəband kənd sakinləri Gülağa Salayev, Ağamoğlan Nəbiyev, Veri kənd sakini Fərman Rəhimov çıxış edərək bu tədbirin əhalinin sevincinə səbəb olduğunu bildiriblər, göstərilən diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıqlarını ifadə ediblər.
Milli məclisin deputatı İqbal Məmmədov və rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov rəmzi açılışı bildirən lenti kəsdikdən sonra körpü əhalinin istifadəsinə verilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB