“Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər olunub

“Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər barədə məsələ müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, qanunun 31.6-cı maddəsinə edilən dəyişikliyə əsasən attestasiya zamanı dövlət qulluqçularına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi qadağan olunur.

Qanunun 31.5-ci maddəsinə də dəyişiklik ediləcək. Bu maddənin yenilənmiş variantına görə, attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu qanunun 31.6-cı maddəsində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.

"Dövlət qulluğu haqqında" qanunun 31.16-cı maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliklərə görə isə attestasiya vərəqələrinə attestasiyanın nəticələri (qiymət və tövsiyələr) ilə yanaşı, attestasiya zamanı verilən suallar və cavablar da yazılacaq.

Qanuna əlavə edilmiş 31.22-ci maddədə isə qeyd edilib ki, dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanuna edilən dəyişikliklər müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə