Pirallahı rayonunda quruculuq-abadlıq işləri getdikcə sürətlənir FOTOLAR
Xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında misli görünməmiş siyasi və sosial-iqtisadi tərəqqi dövrünü yaşayır. Ölkəmiz artıq neçə illərdir ki, sosial-iqtisadi inkişaf göstəricilərinə görə dünya dövlətləri arasında ilk yerlərdən birini tutur. İldən-ilə öz inkişaf templərini artıran, bir çox nüfuzlu siyasətçilərin təsdiq etdiyi kimi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanda hər bir kəs bu tərəqqiyə öz töhfəsini verməyə çalışır. Artıq ikinci ildir ki, Pirallahı sakinləri də bu müsbət proseslərə qoşulmuşlar. Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına və 2011-2013-cü illər "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Pirallahı rayonunda geniş abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Cənab İlham Əliyev tərəfindən bu il yanvarın 17-də təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda da Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri öz əksini tapmışdır. Hazırda bu mühüm dövlət sənədinin icrası yüksək templərlə davam edir. Məqsəd əhalinin güzəranını və maddi rifah halını daha da yüksək səviyyəyə qaldırmaqdan ibarətdir.
"Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdi ki, Bakı şəhərinin və xüsusilə onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının da çox böyük əhəmiyyəti vardır: "Çünki Bakıda hələ bir çox infrastruktur layihələri icra edilməli idi. Xüsusilə qəsəbələrdə böyük işlər görülməli idi. Bu Proqramın əsas mahiyyəti ondan ibarət idi ki, Bakı şəhərinin hər bir rayonunda ən müasir şərait yaradılsın. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyildir. Bakının mərkəzdən uzaq olan yerlərində də inkişaf getməlidir və gedir".
Dövlət Proqramı xalqın xidmətindədir

Son on ildə Dövlət Proqramına əsasən Pirallahıda 186, 235, 231 və 243 N-li tam orta məktəblər əsaslı təmir edilmişdir. Dövlət Proqramı çərçivəsində əsaslı təmir olunmuş 10 saylı Birləşmiş Şəhər Xəstəxanası bu ilin yanvarında istifadəyə verilmişdir. 110 çarpayılıq xəstəxananın yenidən qurulması müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdir. 2011-ci ilin iyul ayından başlanan və Səhiyyə Nazirliyinin nəzarəti altında aparılan təmir işləri 2013-cü ilin son günlərində yekunlaşmışdır. Avropa standartlarına uyğun zəruri cihaz və avadanlıqlar quraşdırıldıqdan sonra yanvarın 16-da baş tutmuş açılış mərasimində Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev iştirak etmişdir. Ərazidə Patalogiya və Təcili Tibbi Yardım stansiyası üçün yeni binalar da inşa olunmuşdur.
Cənab İlham Əliyev tərəfindən bu il yanvarın 17-də təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri öz əksini tapmışdır. Proqramda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi, Pirallahı qəsəbəsində müasir çörək istehsalı kombinatının və kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisinin dəstəklənməsi, Pirallahı qəsəbəsində 235 №-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, akt və idman zalının, kitabxananın, yeməkxananın tikintisi və idman meydançasının yaradılması, "Çobanyastığı" körpələr evi-uşaq bağçasının əsaslı təmiri, "Cırtdan" və "Bulaq" körpələr evi-uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi, Gürgən qəsəbəsində "Qağayı" uşaq bağçasının sökülərək yerində 60 yerlik bağçanın tikintisi, Pirallahı qəsəbəsində 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisində 5 yerdə idman meydançalarının yaradılması, Pirallahı rayonunda Gənclər evinin və yanğından mühafizə bölməsinin tikintisi, Pirallahı qəsəbəsində tutumu 200 kubmetr olan 1 ədəd yanğına qarşı su hovuzunun təmiri kimi bu və digər mühüm məsələlər əks olunmuşdur.
Prezident İlham Əliyevin ötən ilin sentyabrında imzaladığı Fərmana əsasən "Yüksək Texnologiyalar Parkı" inşa olunacaq 50 hektar ərazidə təmizlik və abadlıq işləri aparılmışdır, buradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Ərazi inşaat hasarına alınaraq tikinti işlərinin başlanmasına hazır vəziyyətə gətirilmişdir.
Yol mədəniyyətdir

Aqillər deyib ki, mədəniyyət yoldan başlayır. Yollar rahat, hamar və səliqəli olanda insan da həqiqətən özünü rahat, gümrah hiss edir. Təsadüfi deyil ki, son illər Prezident İlham Əliyevin bilavasitə tapşırıq və tövsiyələri, diqqət və qayğısı sayəsində respublikamızda yeni yollar çəkilir və körpülər salınır, mövcud nəqliyyat infrastrukturu abadlaşdırılır, bərpa edilir. Sevindirici haldır ki, yeni yaranan Pirallahı rayonu da ölkə başçısının diqqət və qayğısından kənarda qalmayıb. İlk növbədə qeyd edilməlidir ki, tikintisinə hələ ötən il başlanmış 22 km-lik Qala-Pirallahı avtomobil yolunun 15 km-lik birinci hissəsində işlər başa çatdırılmışdır.
Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisi ilə tanış olan Prezident İlham Əliyevə tikintidə işlərin 60%-nin yerinə yetirildiyi haqda məlumat verilmişdir. Burada beton dayaqların qurulması prosesi başa çatmış, üst aşırımların qurulmasına başlanmışdır. Körpünün uzunluğu 710 metr, aşırım hissəsi 420 metr, su səviyyəsindən hündürlüyü 13 metrdir, gəmilərin keçidi üçün nəzərdə tutulan aşırımlar arası məsafə 83 metr olacaqdır. Xəzərdə, bütövlükdə Qafqaz regionunda dənizin içində tikilən ilk körpünün inşaat işlərinə 2012-ci ilin axırlarından başlanıb və tikintinin 2015-ci ildə başa çatdırılması nəzərdə tutulub. Körpü və eləcə də yaxınlıqda inşa ediləcək Gürgan şəhəri haqqında məlumatlandırılan Prezident İlham Əliyev bundan sonra Pirallahı qəsəbəsinə gəlmiş, 29-cu məhəllədə və Fioletov küçəsində görülən işlərlə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.
Nəqliyyat infrastrukturuna daxil olan Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin "Pirallahı adası yanalma körpüləri kompleksi"nin tikintisinə də 2013-cü ilin aprelində başlanmışdır. Yaxınlıqda köhnə Helikopter meydançasının əvəzinə yeni meydançanın tikintisi üçün də 6 ha torpaq sahəsi ayrılmışdır.
Abadlıq və tikinti işləri baş plana uyğun həyata keçirilir

Hazırlanmış Baş plana əsasən Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binası və Heydər Əliyev Mərkəzinin inşası davam edir. Baş plana uyğun olaraq inzibati mərkəz üçün ayrılmış ərazidə müxtəlif nazirlik və komitələrin aidiyyatı struktur vahidlərinin yerləşdirilməsinə başlanmış, MTN-nin Pirallahı Rayon Şöbəsinin, Rayon Məhkəməsi və Prokurorluğunun, Dövlət Sosial Müdafiə Fondu Pirallahı Rayon Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Pirallahı Rayon Dövlət İdarəsinin inzibati binasının tikintisi məqsədilə müvafiq sahələr ayrılmış, tikintiyə başlanılması üçün sənədləşmə prosesi davam edir. Dövlət Sosial Müdafiə Fondu Pirallahı Rayon Şöbəsi müvəqqəti olaraq uyğunlaşdırılmış binada sakinlərə xidmət göstərməyə başlamışdır.
Prezident İlham Əliyev "Sənaye ili" elan ediyi 2014-cü il ərzində Pirallahı rayonunda da xeyli işlər görülmüşdür. Artıq tam gücü ilə işləyən Beton zavodunda yeni istehsalat sahələri işə salınmışdır. "Azərsu" ASC tərəfindən Dövlət Proqramına əsasən ümumi uzunluğu 150 km təşkil edən və ölkəmizin ən böyük layihələrindən biri olan Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam etdirilir. Pirallahı və Gürgən qəsəbələrində fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq üçün Zirə qəsəbəsində yeni, ümumi tutumu 10 min m3 olan 6 anbar inşa olunur. İyul ayından rayon əhalisinin keyfiyyətli içməli su ilə təminatına başlanmışdır. Artıq iki məhəllənin sakinləri 24 saat ərzində sudan fasiləsiz istifadə edə bilirlər. Yaxın aylarda Pirallahı və Gürgan qəsəbəsinin bütün sakinləri fasiləsiz şəkildə daimi və keyfiyyətli içməli su ilə təmin olunacaqlar.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılmış və 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisi yekunlaşaraq burada hazırda sazlama işləri başa çatdırılmışdır.
Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq Dövlət Proqramına uyğun olaraq, S.Bağırov küçəsində Çörək Kombinatının tikintisi başa çatdırılmışdır.
Sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisini xüsusilə qeyd edən cənab Prezident bildirmişdir ki, "Biz çalışmalıyıq ki, uşaq bağçaları ilə təminat 100 faiz olsun. Çünki Azərbaycanda sosial məsələlər uğurla icra edilir." Təqdirəlayiq haldır ki, Pirallahı rayonu da bu məsələnin həllinə öz tıhfəsini verməkdədir. Pirallahı rayonu üzrə 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd körpələr evi-uşaq bağçasının inşaat işləri yüksək templərlə davam etdirilir. Bütövlükdə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə yaxın iki il ərzində Dövlət Proqramına əsasən bağça tikintisi davam etdiriləcəkdir.
Pirallahıda abad məhəllələr salınır
Pirallahıda "Nümunəvi məhəllə" layihəsi ilk olaraq 29-cu məhəllənin əhatə etdiyi ərazidə uğurla icra olunub. Ümumilikdə, 2 hektaradək ərazi tullantılardan və antisanitariyadan təmizlənərək planlaşdırma işləri aparılıb, qanunsuz tikililər sökülüb. Bu ərazidə 3 kölgəlik tikilib, attraksionlar quraşdırılıb, uşaqların əylənməsi üçün hər cür şərait yaradılıb. Yaşayış məhəlləsinə 2300 paqonmetr səki daşları düzülüb, 10277 kvadratmetr sahəyə asfalt örtüyü vurulub, 500 ədəd küknar ağacı əkilib. Ümumi sahəsi 200 kvadratmetr olan müasir tipli 250-300 nəfərlik "Xeyir-şər" evi bütün zəruri ləvazimatlarla təchiz edilərək əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilmişdir. Hazırda layihə üzrə işlər 28-ci məhəllədə və K.Rzayev küçəsində davam etdirilir. Burada hazırda kommunikasiya xətləri yenilənir, magistral xətlər çəkilir, istilik sisteminin bərpası istiqamətində əsaslı yenidənqurma işləri başa çatdırılmışdır. K.Rzayev küçəsində məhəllədaxili yollar asfaltlanır, köhnə bardürlər yeniləri ilə əvəz edilir. Ümumilikdə qəsəbədə 5 ədəd "Xeyir-şər" evi tam əsaslı təmir olunmuş, zəruri avadanlıqlarla təmin edilərək sakinlərin istifadəsinə verilmişdir.
"Gənclər parkın"da mövcud olan çatışmamazlıqlar aradan qaldırılmış, park tam abad vəziyyətə gətirilmişdir. Uşaqların asudə vaxtının səmərəli təşkili üçün "Uşaq əyləncə parkı"nın tikintisi başa çatdırılmış, müxtəlif attraksionlar, müasir kölgəliklər və idman meydançası qurulmuşdur. Pirallahı rayonunda salınacaq "Gənclər şəhərciyi" və tikiləcək "Turizm mərkəzi" layihələri sənədləşmə mərhələsindədir. Azərbaycanda turizmin inkişafının sürətlə getdiyini daim vurğulayan Dövlət Başçısı bölgələrdə turizm imkanlarının geniş olduğunu, qumlu sahillərin, Xəzər dənizinin potensialından geniş istifadə etməyin zəruri olduğunu söyləmişdir. Bu mənada Pirallahı rayonu da geniş imkanlara malikdir. Artıq Pirallahı rayonu ərazisində 3 ədəd çimərlik təşkil edilmiş, ətraf sahələrdəki baxımsızlıq və antisanitar vəziyyət aradan qaldırılaraq, istirahət üçün lazımi şərait yaradılmışdır. Dəniz sahili boyunca 6 km-ə qədər ərazidə bulvar, park və yaşıllıqlar, eləcə də çimərliklər salınması planlaşdırılır və artıq hazırlıq işlərinə başlanılmışdır. Yaxın gələcəkdə rayonda müasir otellərin, digər turizm obyektlərinin yaradılması planlaşdırılır. S.Vurğun küçəsində yerləşən, sahəsi 50 hektar olacaq müasir parkın dənizə baxan hissəsində artıq müvafiq işlərə başlanılıb.
Ekoloji məsələlər prioritet təşkil edir
Ekologiya məsələlərinin həllinə daim diqqət göstərilməli olduğunu qeyd edən Dövlət Başçısı vurğulayır ki, "Çünki bu, həyatdır, bizim həyatımızdır, uşaqlarımızın həyatıdır, xalqımızın gələcəyidir. Biz təbiəti qorumalıyıq və çalışmalıyıq ki, vaxtilə çirklənmiş ərazilərin hamısını təmizləyək." Bu baxımdan Pirallahı rayonunda ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə illərdən bəri baxımsız qalmış sahələr və antisanitar vəziyyət tədricən aradan qaldırılır. Pirallahı qəsəbəsində mərkəzi yol boyu və ətraf ərazilər, qəsəbədəki yaşayış məhəllələri, dəniz sahili boyu qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək ərazi abad vəziyyətə gətirilir, yaşıllıqlar salınır. Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görünüşü pozan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə müəyyən olunmuş yerlərdə 350 ədəd müasir tipli zibil konteynerləri quraşdırılmışdır.
Pirallahı qəsəbəsində ağacəkmə kampaniyası ilin əvvəlindən davam etmiş, rayonun bütün ərazisi boyu idarə və müəssisələrin iştirakı ilə iməciliklər keçirilmiş, on minlərlə ağac və mövsümi gül kolları əkilmişdir. Ümumilikdə Pirallahı rayonu yaranandan bəri ərazidə 100 mindən çox müxtəlif növlü ağac əkilmişdir. Dekabrın 6-da "Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi çərçivəsində IDEA İctimai Birliyinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qala-Pirallahı magistral yolu ətrafında növbəti ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 2500 ədəd nar və 2500 ədəd zeytun ağacı əkilib
Ekoloji durumu daha da yaxşılaşdırmaq məqsədilə ötən illərdə neftlə çirklənmiş ərazilərin təmizlənməsi və abadlaşdırılması işləri aparılmışdır. S.Bağırov küçəsindəki gölün qurudulması işləri son mərhələyə çatmışdır. Geniş bir torpaq sahəsinin yenidən Pirallahı sakinlərinin istifadəsinə qaytarılması məqsədilə bütövlükdə gölün ərazisinə təxminən 20 min m3 torpaq tökülmüşdür. Ərazidə drenaj işləri görülmüş, kanalizasiya sistemi qurulur. Yeni yaşayış massivinin - 2, 3 və 4 mərtəbəli binalardan ibarət "Abad Məhəllə-1"in salınması üçün bu ərazidə 5 ha torpaq sahəsi ayrılmış və hazırda burada inşa olunan 48 mənzilli ilk binada işlər başa çatmaq üzrədir. İnzibati Mərkəzin arxa hissəsindəki göllərin qurudulması işləri də davam edir ki, burada da "Abad məhəllə-2" layihəsinin icrası nəzərdə tutulub.
Çilovda və əfsanəvi Neft Daşlarında sosial təyinatlı obyektlər inşa edilmişdir

Son on ildə Çilov qəsəbəsində də bir sıra sosial təyinatlı obyektlər istifadəyə verilmişdir. Bunlardan ilk növbədə "28 May" NQÇİ-nin yeni inzibati binasını, yeni yataqxanalar kompleksini və çörək sexini göstərmək olar. Bundan başqa Çilovda gündəlik 800 m3 su istehsal etmə gücünə malik, dəniz suyunu içməli suya çevirən ƏKS-OSMOS su təmizləyici qurğusu quraşdırılmış, müasir mini futbol meydançası tikilib istifadəyə verilmiş, 1500 kVt-enerji istehsalı gücünə malik yeni qazturbin sahəsi yaradılmış, inzibati və köməkçi binalar tikilib, lazımi avadanlıqlarla təhciz edilmişdir. Bioloji təmizləmə qurgusunun inşa edilməsi, məişət tullantılarının utuluzasuya sahəsinin yaradılması, Milli qəhrəman Rasim İbrahimov adını daşıyan 131 N-li orta məktəbin əsaslı təmir olunması, yeni idman zalının və uşaq bağçasının inşa edilərək lazımi avadanlıqlarla təchiz edilməsi son illərin nailiyyətləridir.
İl ərzində Çilov qəsəbəsindəki yollara asfalt döşənmiş, adadakı idman kompleksinin tikintisi davam etdirilmişdir. Çilov adasında smart-kart tipli qaz sayğaclarının quraşdırılması başa çatdırılmış, limandan qəsəbənin mərkəzinədək olan ərazidə gölməçələr qurudularaq yaşıllıqlar salınmış, adada bayraq meydanı qurulmuş, ümumilikdə 50 mindən çox ağac əkilmişdir.
Əfsanəvi Neft Daşlarının 60 illiyi ilə əlaqədar Çvanov adasında Ulu öndər Heydər Əliyevin adını daşıyan Park salınmış, parkda ulu öndər Heydər Əliyevin abidəsi ucaldılmış, Heydər Əliyev myzeyi tikilmişdir. Eyni zamanda Neft Daşlarında Çay evi, bioloji təmizləmə qurgusu, yeni çörək zavodu, təzə qazanxana tikilmişdir. Neftçilərin asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət evi əsaslı təmir edilmiş, müasir mini futbol meydançası və örtülü idman zalı tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Parkı ərazisində "Neft Daşları" yatağını kəşf etmiş məşhur geoloq Ağa Qurban Əliyevin barelyefi qoyulmuş, Şəhidlər abidəsi ucaldılmış və 1957-ci ildə Neft Daşlarında faciəli şəkildə həlak olmuş dəniz neftçilərinin şərəfinə abidə inşa edilmişdir.
Ötən il Neft Daşlarında ARDNŞ prezidenti Rövnəq Abdullayevin iştirakı ilə 6 maşından ibarət 39 Meqavatt gücündə olan yeni Qaz Turbin Elektrik Stansiyasının açılışı olmuşdur. Bu stansiya Neft Daşlarını və "Günəşli" yatağını ən yüksək səviyyədə elektrik enerjisi ilə təmin etməyə əlverişli şərait yaratmışdır.
Rayon İcra Hakimiyyəti sakinlərin ümid və inam yeridir
2014-cü ili uğurla başa vuran Pirallahı rayonu qarşısında 2015-ci ildə də mühüm vəzifələr durur. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Bakı şəhərinin və onun qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli də öz əksini tapması mühüm əhəmiyyətə malik bir məsələdir. Dövlət başçısı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində nail olunacaq məqsədlər sırasında əhalinin su və kanalizasiya təminatının, elektrik enerjisi, qaz və istilik təchizatının, yol və nəqliyyat infrastrukturunun, eləcə də ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasını, sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman və gənclər, turizm və s.) beynəlxalq standartlara uyğun tikinti (inşası, yenidən qurulması) işlərinin davam etdirilməsini, sahibkarlığın inkişafı istiqamətində yeni iş yerlərinin və müəssisələrin açılması siyasətinin davam etdirilməsini, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsini xüsusi vurğulayır.

Pirallahı rayonunda sakinlərin maddi-rifah halının yüksəldilməsi məqsədilə bazar, ticarət mərkəzləri, yanacaq doldurma məntəqəsi inşa etmək nəzərdə tutulub ki, bu işlər eyni zamanda məşğulluq məsələsinin də müsbət həllinə xidmət edəcəkdir. Əhalinin istirahəti və asudə vaxtını keçirməsi üçün "Nümunəvi məhəllələr"in yaradılmasının davam etdirilməsi, qəsəbədaxili və məhəllədaxili yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlər davamlı xarakter daşıyacaqdır. Hündürmərtəbəli binaların əsaslı təmiri, fasadların yenilənməsi istiqamətində müvafiq tədbirlər davam etdiriləcəkdir.
Yaxın gələcəkdə S.Vurğun küçəsindəki mövcud 4,7 hektarlıq parkın abadlaşdırılması, dənizkənarı parkın salınması planlaşdırılır. Pirallahıda idmanın daha da inkişafı məqsədilə mövcud stadionun əsaslı təmir olunaraq genişləndirilməsi və Dövlət Proqramı üzrə idman meydançalarının yaradılması nəzərdə tutulur. Dövlət Proqramına əsasən Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi nəzərdə tutulur. Adanın enerji dayanıqlığını təmin etmək məqsədilə alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulması davam etdiriləcəkdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vasif İmanov və millət vəkili cənab Rauf Əliyev sakinlərlə keçirilən səyyar görüşlərdə və digər tədbirlərdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişafın nəticələrindən danışaraq qarşıda duran vəzifələr və gələcək işlər barəsində sakinlərə məlumat verirlər.
Yeni yaradılmış rayonun 2013-2014-cü illərdə fəaliyyəti dövründə görülən işlərin səviyyəsi onu deməyə əsas verir ki, növbəti ildə də qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək, 2015-ci ilə də yüksək göstəricilərlə yekun vurulacaqdır. Həm rayonumuzda, həm də bütövlükdə respublikamızda davam edən geniş quruculuq işləri onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin vurğuladığı kimi: "Üçüncü 5 illik proqram bütün regionlarda görüləcək işləri əhatə edəcək və 2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə də infrastruktur problemi qalmayacaqdır!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB