Bu ilin sentyabr-dekabr aylarında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı, Gəncə, Mingəçevir, Lənkəran şəhərləri, eləcə də Masallı, Quba, Xaçmaz, Şamaxı və İsmayıllı rayonlarının ilkin səhiyyə xidmətləri göstərən müəssisələrində tibbi xidmətlərdən istifadə etmiş əhali arasında sorğu keçirilib. SİA-nın verdiyi məlumata görə, sorğu əhalinin səhiyyə sisteminə etimadının və ilkin səhiyyə səviyyəsində göstərilən tibbi xidmətlərə məmnunluq səviyyəsinin öyrənilməsi məqsədi daşıyıb. Könüllü və anonim şəkildə aparılan sorğuda ümumilikdə 500 respondent iştirak edib. Aparılan təhlillərə görə, həkimlərin qəbul qrafiki respondentlərin 97.6 faizini, həkimlərin pasiyentə qarşı münasibəti və davranışı isə respondentlərin 95 faizini qane edib. Orta tibb personalının münasibətindən respondentlərin 90.4 faiz razı qalıb və yalnız 1 faizini bu münasibətdən narazıdır.
Pasiyentlərin 90.9 faiz həkimlərin onların sağlamlıqlarının möhkəmləndirilməsinə dair profilaktik tövsiyələr verdiyini bildirib. Məlumatların təhlili nəticəsində məlum olub ki, təhsil səviyyəsi artdıqca tibbi xidmətlərlə tamamilə razı qalanların faizi də artır. Tibbi xidmətlərlə bağlı məlumat mənbələrinə gəlincə, sorğu iştirakçıları daha çox tibb işçilərindən, televiziya vasitəsilə və ya dost-tanışdan alınan məlumatlara etibar edir. Regionlar üzrə mövcud səhiyyə sistemi ilə pasiyentlərin ən yüksək məmnunluq səviyyəsi Gəncə və Lənkəranda müşahidə olunub. Regionlar arasında Mingəçevir və Gəncə şəhərlərindən olan pasiyentlər mövcud səhiyyə sisteminə göstərdikləri etimadla seçiliblər.
Beləliklə, sorğunun nəticələri əhalinin ilkin səhiyyə xidmətləri ilə kifayət qədər məmnun olduğunu, səhiyyə sisteminə etimadın kifayət qədər yüksək səviyyədə olduğunu, ilkin səhiyyə xidmətlərinin əhali üçün əlçatan və keyfiyyətli şəkildə təşkil olunduğunu göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB