Şura cari ildə QHT-lərin 386 layihəsini maliyyələşdirib

Şura cari ildə QHT-lərin 386 layihəsini maliyyələşdirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin 2014-cü ilin yekunları ilə bağlı toplantısı keçirilib. Şuradan SİA-ya verilən xəbərə görə, qurumun sədri, Milli Məclisin deputatı Azay Quliyev 2014-cü ildə Şuranın ölkə daxilində və xaricdə Azərbaycanın milli maraqlarının müdafiəsinə həsr olunan çoxsaylı layihələr həyata keçirdiyini söyləyib. O, il ərzində vətəndaş cəmiyyəti inistitutlarının fəaliyyətində boşluqların aradan qaldırılması, effektivliyin artırılması, şəffalığın təmin olunması istiqamətində qanunvericiliyə edilən dəyişikliklərin Şuranın da üzərinə mühüm vəzifələr qoyduğunu bildirib. A.Quliyev Şuranın büdcəsinin və səlahiyyətlərinin artırılması ilə bağlı Prezident İlham Əliyevin il ərzində bir neçə sərəncam imzalamasının QHT sektoruna böyük diqqət və etimad nümunəsi olduğunu vurğulayıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2014-cü ildə qurumun üzərinə düşən vəzifələri uğurla həyata keçirdiyini qeyd edib. O, cari ilin dördüncü rübü ərzində Şuranın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Bakı, Qəbələ, Şirvan, Quba və digər rayonlarda QHT-lər üçün əmək müqavilələrinin elektron qeydiyyatı ilə bağlı məlumatlandırma sessiyaları təşkil etdiyini bildirib. Şuranın Milli Məclislə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq memorandumları imzalamasının QHT-lərlə dövlət institutlarının əlaqələrinin dərinləşməsi istiqamətində mühüm addım olduğu diqqətə çatdırılıb.

Şura Katibliyinin hüquqşünası Fərid Rüstəmov 2014-cü il ərzində milli QHT-lərin 386 layihəsinin maliyyələşdirildiyini deyərək onların icra vəziyyəti haqqında məlumat verib.

Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud, Katibliyin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mustafa Qurbanlı, "Vətəndaş cəmiyyəti" jurnalının baş redaktoru Səfər Alışarlı, "qhtxeber" saytının baş redaktoru Sənan Nəcəfov, Katibliyin məsləhətçisi Cəmilə Əliyeva çıxış edərək təmsil etdikləri sahənin fəaliyyətinə dair hesabatla çıxış ediblər.

Sonda Şura Katibliyinin bəzi əməkdaşları xidmətdə fərqləndiklərinə görə fəxri fərmanla təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə