“Ali təhsildə monitorinq və qiymətləndirmə” mövzusunda respublika elmi konfransı keçirilib
Lənkəran Dövlət Universitetində "Ali təhsildə monitorinq və qiymətləndirmə" mövzusunda respublika elmi konfransı keçirilib. Lənkəran Dövlət Universiteti mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qafqaz Universiteti ilə birgə keçirilmiş konfransı universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq tədbirin məqsəd və vəzifələrindən danışmış, onun işinə uğurlar arzulayıb.
Plenar iclasında universitetin rektoru, professor A.İsgəndərov "Ali təhsildə monitorinq və qiymətləndirmə" mövzusunda məruzə edərək bildirib ki, bu gün Lənkəran Dövlət Universitetində tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələrin biliyinin düzgün qiymətləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilir. Tədrisdə monitorinq və qiymətləndirmə məsələsinə toxunan rektor qeyd edib ki, məqsəd ali təhsil ocağında gedən bütün dəyişiklikləri vaxtında və sürətli şəkildə müəyyən etməkdir.
Çıxışlarda göstərilib ki, tədrisin nəticələri haqqında məlumat əldə etmək, bununla əlaqədar təhsildə gedən dəyişiklikləri izləmək, tədrisin güclü və zəif tərəflərini müəyyənləşdirmək bu gün vacib məsələlərdəndir.
Çıxış edənlər bu problemin həllini müasir informasiya texnologiyalarından geniş istifadədə görüblər. Göstərilib ki, tədrisdə monitorinq və qiymətləndirmə sisteminin nəzəri modelinin yaradılması təhsilin keyfiyyətinin və səmərəsinin artırılmasına xidmət edir.
Konfransda icra intizamının möhkəmləndirilməsi, tələbələrin dərsə davamiyyətinə və təlimə nəzarətin gücləndirilməsi, təhsildə kredit sisteminin tətbiqi istiqamətində görülən işlərdən də danışılıb və qeyd edilib ki, tələbələrin biliyinin çoxballı sistemi üzrə qiymətləndirilməsi tədrisin keyfiyyətində mühüm rol oynayıb.
Deyilib ki, Lənkəran Dövlət Universitetində tələbənin biliyinin qiymətləndirilməsi yüz ballıq sistemlə aparılır. Burada tələbənin dərslərə davamiyyəti, çalışqanlığı, sərbəst fəaliyyəti və s. məsələlər öz əksini tapır. Bu istiqamətdə işlər diqqət mərkəzindədir. Müəllimlər bir-birinin dərslərində iştirak etməklə fikir mübadiləsi aparırlar.
Qeyd edilib ki, tədrisdə müşahidə və təhlillər əlaqəli olmalıdır. Bu gün məqsəd təkcə savad vermək deyil, həm də hərtərəfli biliyə malik gənc mütəxəssislər hazırlamaqdır. Bu istiqamətdə işlər yeni tələbələr səviyyəsində aparılır. Fəaliyyət göstərdiyi dövrdən indiyədək universiteti 10 mindən çox tələbə bitirmişdir. Müxtəlif idarə və təşkilatlarda çalışan məzunlar yaxşı iş və fəaliyyətləri ilə fərqlənirlər.
Bu gün Lənkəran Dövlət Universiteti respublikamızın qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilmişdir. Azərbaycan elmi və təhsili özünün zəngin mütərəqqi ənənələrinə, mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf edir. Qeyd edildi ki, universitetdə 20 istiqamət üzrə elmi tədqiqatlar aparılır. Universitetin maddi-texniki bazası gücləndirilmiş, beynəlxalq əlaqələr genişlənmişdir. Bu gün Lənkəran Dövlət Universiteti dünyanın 100-dən çox elm və təhsil ocağı ilə əməkdaşlıq edir.
Qafqaz Universitetinin kafedra müdiri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağazadə çalışdığı kollektivin salamlarını çatdırmış, təhsil ocağında aparılan monitorinq və qiymətləndirmə ilə əlaqədar fikirlərini soyləyib, konfrans iştirakçılarını maraqlandıran suallara cavab verib.
Konfrans "Təbiət elmləri", "Humanitar elmləri", "İqtisadiyyat və idarəetmə elmləri" bölmələrində davam etdirilib.
Bölmələrdə "Qiymətləndirmə pedaqoji prosesin tərkib hissəsi kimi", "Təhsildə monitorinq və qiymətləndirmə prosesi", "Universitetlərin monitorinqində ictimaiyyətin rolu", "Ali təhsildə nəzarətin məqsədi", "Qiymətləndirmənin şagirdlərin əxlaqi-mənəvi tərbiyəsindəki rolu", "Ali təhsil müəssisələrində tələbələrin biliyinin qiymətləndirilməsi sisteminin arxitekturasının işlənməsi" və mövzusunda 60-dək məruzə dinlənilib.
Konfransdan sonra iştirakçılar N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tamaşaya baxıblar.
Respublika elmi konfransında elm, təhsil müəssisələrinin nümayəndələri iştirak edirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB