Daha bir kəndə qaz verildi

Dekabrın 25-də rayonun Şərədil kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək kənd sakinlərini təbrik edib, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində respublika və rayon miqyasında görülən işlər barədə ətraflı məlumat verib.

Azəriqaz İstehsalat Birliyinin əsaslı tikinti şöbəsinin mühəndisi Dənyar Heydərov çıxış edərək kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib, 16430 abonentin mənzilinə sayğac və fərdi təmizləyicinin quraşdırilması barəsində məlumat verib. Şərədil kənd ümümi orta məktəbin müəllimi Abil Mikayılov, kənd ağsaqqalı Əlikram Qəhrəmanov və başqaları çıxış edərək onlara göstərilən bu qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildiriblər.

Ümumiyyətlə çıxışlarda qeyd olunub ki, son illər rayonun qaz təsərrüfatının bərpası və yenidən qurulması istiqamətində aparılan mühüm işlər bir sıra yaşayış məntəqələrinə təbii qazın verilməsini gerçəkləşdirib. Şərədil kəndi rayonun təbii qazdan istifadə edən 34-cü yaşayış məntəqəsidir. Hazırda rayon əhalisinin 82.5%-i təbii qazdan istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə