“Elm haqqında” qanun Milli Məclisin plenar iclasına tövsiyyə olunub
Bu gün Milli Məclisdə daimi komitələrin birgə iclasında "Elm haqqında" qanun layihəsinin müzakirəsi olub. SİA-nın məlumatına görə, qanun layihəsi barədə məlumat verən parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib ki, qanun ölkənin iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir Azərbaycan vətəndaşının rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir.
Komitə sədri qeyd edib ki, "Elm haqqında qanun həm elmi, həm də hüquqi baxımdan çox ağır tutumlu bir sənəddir: "Onun hazırlanıb ərsəyə gətirilməsi üçün həmin sənədin ictimai müzakirələrdən keçirilməsinə ehtiyac var. Ötən müddət ərzində bu qanun layihəsi ilə bağlı 40-a yaxın təşkilatda müzakirələr aparılıb və onlar tərəfindən qanun layihəsinin təkmiləşdirlməsi ilə bağlı bir sıra təkliflər daxil olub".
Müzakirələr zamanı millət vəkili, BDU-nun rektoru Abel Məhərrəmov vurğulayıb ki, qanun layihəsin mükəmməl hazırlanıb.
Millət vəkili deyib ki. qanun layihəsində hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin öz əksini tapması çox vacib məqamdır.
Millət vəkili Qüdrət Həsənquliyev də vurğulayıb ki, magistatura və doktotrantura pillələrində təhsil alan gənclərə hərbi möhlət hüququnun verilməsi böyük nailiyyətdir.
Q.Həsənquliyev deyib ki, Azərbaycanda elm sahəsində inkişafa nail olmaq üçün elm adamlarının xarici dil bilməsi də vacibdir: "Beynəlxalq elmi arenaya daxil olmaq üçün alimlərin xarici dil bilməsi lazımdır. Buna görə də, "Elm haqqında" qanun layihəsinə məsələ ilə bağlı müddəa salınsa daha yaxşı olardı".
Milli Məclisin sədr müavini Bahar Muradova isə çıxışında deyib ki, iclas iştirakçıları qanun layihəsi ilə bağlı real təklif və tövsiyyələrlə çıxış etsinlər.
B.Muradova qeyd edib ki, səslənən fikirlər nəzərə alınacaq.
Daha sonra qanun layihəsi iclas iştirakçıları tərəfindən davam etdirilib.
Sonda səslənən fikirlərə münasibət bildirən komitə sədri Şəmsəddin Hacıyev deyib ki, müzakirələr zamanı səslənən təklif və tövsiyyələr nəzərə alınacaq və təkmil bir qanun qəbul olunacaq.
Sonda "Elm haqqında" qanun Milli Məclisin plenar iclasında müzakirə olunmaq üçün tövsiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB