31 dekabr dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları bir araya gətirir. Çünki həmin gün Dünya Azərbaycanlıların Həmrəylik günü kimi tarixə düşüb.
Eyni zamanda dekabrın 25-dən başlayaraq dünyanın müxtəlif ölkələrində milad və yeni il qeyd olunur. Azərbaycandan uzaqda yaşayan azərbaycanlılar bu bayramları necə qeyd edir? Xaricdə yaşayan azərbaycanlılar bu sualı cavablandırıb.
Nərgiz Əliyeva, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin və mətbuat xidmətinin rəhbəri, Gürcüstan: "Gürcüstanda yaşayan azərbaycanlılar üçün və şəxsən mənim üçün yeni ilin gəlişi həm də Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd olunması sevinci ilə bağlıdır. Dünya əhalisi bu gündə təkcə yeni il bayramını qeyd etdiyi halda biz ikiqat bayram yaşayırıq. Gürcüstanda yaşayan azərbaycanlılar bu iki bayramı olduqca təntənəli qeyd edirlər. Gürcüstanda Dünya Azərbaycanlılarının Həmrəylik gününün təntənəli şəkildə qeyd olunmasına ilk dəfə bizim təşkilat, Azərbaycanlıların Mədəniyyət Mərkəzi başladı, o gündən bu bir ənənə halını alıb. Hər il burada yaşayan azərbaycanlılar müxtəlif tədbirlər, şənliklər keçirərək bu bayramı qeyd edir. Tədbirlərdə Azərbaycan xalqına məxsus mədəniyyət nümunələri, rəqslər, musiqilər, milli mətbəximiz, foto-video sərgilər nümayiş olunur. Xalqımızı həmrəyliyə səsləyən bu bayramda gürcü xalqının nümayəndələri də dəvət olunur, bizimlə sevinclərini bölüşərlər. Bu bayram mənim üçün yeni ildən daha önəmlidir. Dünyada yaşayan azərbaycanlıların həmrəylik nümayiş edib bu bayramın qeyd etməsi olduqca qürurverici hadisədir. Bu bayramın təməlini qoyan Ümummilli lider Heydər Əliyevin dünyada yaşayan azərbaycanlıların həmrəy olub bir amala, ideyaya, məqsədə doğru birlikdə addımlamaq ideyası düşünürəm ki, özünü doğruldub.
Yeni ilin gəlişi hər kəsin həyatında ən önəmli bayramlardan biridir. Yeni il arzularımızın gerçəkləşməsi üçün yeni ümiddir. Həmin gün hər kəs olduqca duyğusal və mehriban olar bir-birilə, pis davranışları, nifrəti geridə qoyaraq mehribanlıq, sülh, dostluq içində yaşamaq istəyərək xoş əhval ruhiyəylə qarşılamaq istəyir yeni ili. Dünyada və Azərbaycanda yaşayan azərbaycanlıları Gürcüstanda yaşayan azərbaycanlılar adından Dünya Azərbaycanlıların Həmrəylik günü və yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Xalqıma ən böyük arzum bu bayramı dünyada yaşayan xalqımızın nümayəndələri ilə birlikdə işğaldan azad olunacaq torpaqlarımızda qeyd etməkdir.
Elmar İsgəndərov, tələbə, İndoneziya: İndoneziyada artıq üçüncü yeni ilimi qeyd edəcəyəm. Hər il yeni ili adətən beynəlxalq tələbələrlə birgə keçiririk. Bir müddət əvvəlcədən bayramı hansı şəhərdə keçirəcəyimiz barədə müzakirə aparıb qərarlaşdırılandan sonra həmin şəhərə səfər təşkil edirik. Yeni il axşamına hazırlıq səhərdən başlanır. İştirak edən hər bir ölkənin nümayəndəsi öz milli mətbəxinə aid nə isə hazırlayır. Saat 12-yə kimi hamı süfrə arxasında birgə mahnılar ifa edir, gitara çalır, rəqs edib şənlənir. Ən maraqlı cəhətlərdən biri isə hər birimiz qalxıb öz dilimizdə "tost"- sağlıq deməli, sonra ingiliscə və ya indonez dilində mənasını açıqlamalıyıq. Saat 12-də isə əvvəlcədən hazırladığımız atəşfəşanlığı təşkil edirik. Növbəti gün isə həmin şəhərin görməli tarixi yerlərinə baş çəkməyə gedirik".
Qəmər Səfərli, Çexiya, tələbə: "Milad bayramını azərbaycanlılar öz xristian dostları ilə birgə qeyd edir. Baxmayaraq ki, bu xristianların bayramıdır, amma bizə də xüsusi əhval-ruhiyyə bəxş edir. Şəhərin mərkəzi küçələri bəzədilir, milad yarmarkalarına gələn turistləri seyr etmək insana ayrı bir zövq verir. Müxtəlif ölkələrdən olan insanlar öz milli geyimlərini, milli mətbəxlərini nümayiş etdirir. Azərbaycanlıların da bu yarmarkada iştirakı fəal olur. Çünki öz milli mətbəximizi onlarla ölkədən gələn turistə tanıtmaq, onlarla qarşılıqlı münasibət bizə sevinc gətirir.
Sirac İmranoğlu, Malayziya, tərcüməçi: "Artıq 3 ildir ki, pasifik ölkələrindən biri olan Malayziyada yaşayıram. İqlimi isti olan bu ölkədə 3 millətin və bir çox dinin nümayəndəsi bir arada problemsiz yaşayır. Dünyanın 10-cu turist qəbul edən ölkəsi olan Malayziyada bir çox adət-ənənəni asanlıqla görmək mümkündür. Həm 25 dekabr Milad, həm də 31 dekabr Yeni il qeyd olunur. Biz azərbaycanlılar olaraq burada çox azıq. Buna baxmayaraq hər il bütün bayramlarımızı, eləcə də həmrəylik günümüzü ya səfirlikdə və ya bir yerə toplanaraq qeyd edirik. Bu onu göstərir ki, dünyadakı bütün azərbaycanlılar bir-birlərinə dəstək və həmrəy olmağa çalışır. Dünya azərbaycanlılarını həmrəylik günü münasibəti ilə təbrik edirəm./azadinform/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB