Bu gün Azərbaycanda bələdiyyə seçkilərinə start verilib. SİA-nın məlumatına görə, Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilən seçkilərdə 15035 bələdiyyə üzvü seçiləcək.
Bələdiyyə seçkilərində 37 077 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb.
Xəzər rayonunda 14 saylı Xəzər Seçki dairəsinin 2 saylı seçki məntəqəsində seçkilər başlamazdan əvvəl komissiya sədri Eldəniz Cabbarovun rəhbərliyi ilə seçki qutuları qaydalar çərçivəsində möhürlənib. Prosesi YAP, Milli Dirçəliş və digər siyasi partiyaların nümayəndələri izləyib. Məlumat verilib ki, məntəqədə siyahı üzrə 1410 seçici qeydiyyatdadır.
14 saylı Xəzər seçki dairəsinin 1, 13, 14 saylı və 13 saylı Xəzər- Pirallahı seçki dairəsinin 1, 2, 9, 10, 20, 21, 34, 36 saylı məntəqələrində də seçicilər fəal şəkildə iştirak edirlər. Seçkiləri YAP, Milli Dirçəliş, Ana Vətən, Vətəndaş Həmrəyliyi və digər siyasi partiyaların nümayəndələri izləyirlər.
14 saylı Xəzər seçki dairəsinin sədri İmran Qəmbərovun sözlərinə görə, 4 bələdiyyə üzrə 56 yerə 146 nəfər namizəd seçkidə iştirak edir. Dairə üzrə 35 seçki məntəqəsi fəaliyyət göstərir və 43879 seçici var ki, onlardan 786 nəfəri seçkilərdə ilk dəfə iştirak edir. Saat 12:00-a olan məlumata görə, artıq səsvermədə 11068 nəfər iştirak edib ki, bu da seçicilərin 23,3 faizini təşkil edir. Dairə üzrə 427 nəfər müşahidəçi seçkiləri izləyir. Məntəqələrdə 10 veb-kamera quraşdırılıb. Dairə sədrinin sözlərinə görə, bu saata qədər heç bir şikayət daxil olmayıb.
13 saylı Xəzər-Pirallahı seçki dairəsinin sədri Mütəllim Balaqardaşovun sözlərinə görə, dairə üzrə 45423 seçici var ki, onlardan 1500 nəfəri seçkilərdə ilk dəfə iştirak edir. Dairə üzrə 38 seçki məntəqəsi fəaliyyət göstərir. 7 bələdiyyə subyekti üzrə 79 yerə 232 namizəd qeydə alınıb. Saat 12:00-a olan məlumata görə, seçkidə 9189 nəfər seçici iştirak edib. Dairə üzrə seçkiləri 8 siyasi partiyanın müşahidəçiləri izləyirlər. Məntəqələrdə 10 veb-kamera quraşdırılıb və bu saata qədər heç bir şikayət daxil olmayıb.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB