Şəki-Zaqatala bölgəsində seçkilər demokratik şəraitdə keçir

Şəki-Zaqatala bölgəsində seçkilər demokratik şəraitdə keçir

Şəki-Zaqatala bölgəsi rayonlarında bələdiyyə seçkiləri seçicilərin fəallığı ilə azad və demokratik şəraitdə davam edir. Seçicilər sərbəst və azad şəkildə öz seçimlərini edir, istədikləri namizədlərə səs verirlər. Bütün seçki məntəqələrində müşahidəçilərə öz funksiyalarını yerinə yetirmək üçün lazımi şərait yaradılıb.

109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasından bildiriblər ki, səsvermənin keçirildiyi 39 seçki məntəqəsində seçicilərin ümumi sayı 43 min 372 nəfərdir. Bu dairə üzrə 14 bələdiyyəyə 138 bələdiyyə üzvü seçiləcək. Namizədlərin sayı isə 418 nəfərdir. 8 məntəqədə səsvermənin gedişi veb-kamera vasitəsilə müşahidə olunur. Səhər saat 10.00-dək seçicilərin 5490 nəfəri və ya 12,66 faizi səsvermədə iştirak edir.

110 saylı seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində də səsvermə seçicilərin fəallığı şəraitində başlayıb. Bu dairədə 16 bələdiyyəyə 156 yer uğrunda 466 namizəd mübarizə aparır. Saat 10.00-dək seçicilərin 5598 nəfəri və ya 12,1 faizi artıq öz seçimini edib.

111 saylı Zaqatala-Balakən seçki dairəsi dairə seşki komissiyasının tərkibində olan 44 seçki məntəqəsinin 29-u Zaqatalada, 15-i isə Balakən rayonunda yerləşir. Bu dairə üzrə 13 bələdiyyəyə 133 bələdiyyə üzvü seçilməlidir. Namizədlərin sayı isə 407 nəfərdir. Dairə seçki komissiyasından verilən məlumata görə, saat 10.00-dək seçicilərin 12,1 faizi və ya 5539 nəfəri seçimlərini edərək istədikləri namizədlərə səs verib.

112 saylı Qax seçki dairəsi dairə seçki komissiyasının tərkibində olan 58 seçki məntəqəsində də bələdiyyə seçkiləri mütəşəkkil davam edir. Bu dairə üzrə 18 bələdiyyəyə 166 bələdiyyə üzvü yeri uğrunda 503 namizəd mübarizə aparır. Səsvermənin gedişini izləmək üçün 8 məntəqədə veb-kamera quraşdırılıb. Seçicilər məntəqələrdə yaradılan şəraitdən razı qaldıqlarını, səsvermənin şəffaf və demokratik şəraitdə keçdiyini, heç bir müdaxilə olmadan istədikləri namizədlərə səs verdiklərini bildirirlər. Saat 10.00-dək seçicilərin 4157 nəfəri və ya 10 faizi səsvermədə iştirak ediblər.

Şəki rayonunda fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələri dairə seçki komissiyalarının məntəqələrində də bələdiyyə seçkiləri seçicilərin fəallığı şəraitində keçir.

113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasından verilən məlumata görə, bu seçkilərdə dairə üzrə 3 – Şəki, Qoxmuq və Baltalı bələdiyyələrinə 37 nəfər bələdiyyə üzvü seçiləcəkdir. Namizədlərin ümumi sayı isə 100 nəfərdir. Dairənin tərkibinə daxil olan 30 seçki məntəqəsinin hamısında səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun aparılır. 15 məntəqədə veb-kamera quraşdırılıb. Saat 10.00-dək seçicilərin 3898 nəfəri və ya 10,2 faizi artıq öz seçimlərini edərək istədikləri namizədlərə səs verib.

114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə bələdiyyə seçkiləri 43 seçki məntəqəsində təşkil olunub. Dairə üzrə 37 min 965 seçici qeydə alınıb. Bu dairədə 18 bələdiyyəyə 170 bələdiyyə üzvü yeri uğrunda 511 namizəd mübarizə aparır. Namizədlərin 170 nəfəri Yeni Azərbaycan Partiyasını, 13 nəfər digər siyasi partiyaları, 328 nəfər isə bitərəfləri təmsil edirlər. Səsvermə şəffaf və demokratik şəraitdə keçir. Saat 10.00-dək artıq seçicilərin 3666 nəfəri və ya 9,7 faizi səsvermədə iştirak edib.

115 saylı Şəki kənd seçki dairəsi dairə seçki komissiyasının seçki məntəqələrində də seçicilər səhər saatlarından başlayaraq həvəslə seçki məntəqələrinə gəlir, sərbəst şəkildə öz seçimlərini edirlər. Bu dairə üzrə 20 bələdiyyəyə 170 nəfər bələdiyyə üzvü seçiləcəkdir. Namizədlərin ümumi sayı 513 nəfərdir. Saat 10.00-dək seçicilərin 3720 nəfəri və ya 10,2 faizi öz seçimlərini edib.

116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasından verilən məlumata görə, bu dairə üzrə 20 bələdiyyəyə 190 bələdiyyə yeri uğrunda 574 nəfər namizəd mübarizə aparır. Saat 10.00-dək seçicilərin 11,4 faizi və ya 4847 nəfər səsvermədə iştirak edib.

117 saylı Oğuz-Qəbələ seçki dairəsi dairə seçki komissiyasının məntəqələrində də bələdiyyə seçkiləri azad və demokratik şəraitdə davam edir. Səsvermənin keçirildiyi 60 seçki məntəqəsinin hamısında vətəndaşların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb. Seçki məntəqələrinin 37-si Oğuzda, 23-ü isə Qəbələ rayonunda yerləşir. 7 məntəqədə veb-kamera quraşdırılıb. Saat 10.00-dək seçicilərin 5019 nəfəri və ya 10,9 faizi səsvermədə iştirak edərək öz seçimini edib.

Bütün xəbərlər Facebook səhifəmizdə