İntiqam Babayev: “2015-də artıq yeni hədəflər, vəzifələr bizi gözləyir”

İntiqam Babayev: “2015-də artıq yeni hədəflər, vəzifələr bizi gözləyir”

"Artıq Azərbaycanda bir ənənədir ki, biz hər ili çox məhsuldar başa vururuq. Təbii ki, 2014-cü ildə də bizim digər sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də kifayət qədər uğurlarımız və nailiyyətlərimiz var". Bunu SİA-ya Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev 2014-cü il Azərbaycanda gənclər sahəsində görülən işlərdən danışarkən deyib.

Nazir müavininin sözlərinə görə, 2014-cü il ərzində müxtəlif səviyyəli tədbirlər həyata keçirilib. Burada söhbət başlıca olaraq Azərbaycan Gənclər və İdman Nazirliyindən gedir. Gənclərin inkişafı, onların ictimai həyatda daha fəal iştirakı, beynəlxalq münasibətlərin qurulması və s. baxımından təxminən il ərzində 160-a yaxın layihəmizi, tədbirimizi həyata keçirdik. Bunların içərisində 40-a yaxını beynəlxalq tədbirlərdir. Bu il ərzində təxminən 3 minə yaxın gənc keçirilən mübadilə layihələrində iştirak etmək imkanı əldə edib. Azərbaycanda ilk dəfə olaraq 2014-cü ildə dünyada birinci Bakı Qlobal Gənclər Forumu keçirildi. Həmin forumun Azərbaycanda keçirilməsi düşünürəm ki, ölkəmizdə bu günə qədər gənclər siyasəti sahəsində əldə olunan nailiyyətlərə olan bir qiymətdir. Eyni zamanda ölkəmiz dünyada artıq dinamik inkişaf edən bir dövlət olduğuna görə, hesab edirəm ki, bu faktorlar ölkələri seçim etdikdə Azərbaycanın xeyrinə olan dəlildir. 165 ölkə Azərbaycana gəldi və bu tədbirlərdə iştirak etdi. İştirak edən insanların əksəriyyəti isə Azərbaycanın gənclər siyasəti sahəsində olan təcrübəsindən yararlanmasını xüsusilə qeyd etdilər. Təbii ki, digər beynəlxalq tədbirlər də bu sahədə maraqlı oldu. Bizim ənənəvi layihəmiz var. Biz müxtəlif ölkələrdə gənclər arasında "Mən Azərbaycan haqqında nə bilirəm" adlı müsabiqələr keçiririk. Məqsəd isə ondan ibarətdir ki, müsabiqə vasitəsilə dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəniyyətini və mədəni irsini çatdırmaqdır. Bu il 21 ölkədə bu müsabiqə keçirildi və nəticə olaraq bu müsabiqələrdə qalib gəlmiş 174 gəncin müxtəlif ölkələrdən Azərbaycana səfərini təşkil olundu.

Nazir müavini bildirib ki, ümumilikdə bu günə qədər nazirlik tərəfindən 47 ölkədə bu müsabiqə keçirilib: "Bu il biz "Azərbaycan doğma diyarımdır" adlı vətənpərvərlik düşərgələrimizi keçirdik. Həmin düşərgələrin əsas ideyası isə ondan ibarətdir ki, məsələn, Qubada keçirilən düşərgəyə Azərbaycanın cənub rayonlarından gənclər gəlib istirahət edirlər. Bu nəinki istirahət, eyni zamanda diyarşünaslığın inkişafı deməkdir. Biz gənclərin elmə həvəslədirilməsi, intellektual inkişafına yönəlmiş layihələrə xüsusi diqqət veririk. Bu il biz istedadların hazırlıq laboratoriyası tərəfindən bir neçə elm üzrə növbəti olimpiada keçirdik. Düşünürəm ki, həmin bu olimpiada iştriak edən gənclər gələcəkdə ölkəmizi beynəlxalq səviyyədə keçirilən olimpiadalarda layiqincə təmsil edə biləcəklər. Sadaladığım bu bəndlərin hər biri "Azərbaycan Gəncliyi 2011-2015-ci illər üzrə Dövlət Proqramı"nda nəzərdə tutulub. Biz artıq elan vermişik və gənclərdən təkliflər gözləyirik ki, 2016-2020-ci illəri əhatə edən əhatə edəcək Dövlət Proqramında nəyi görmək istəyirlərsə öz təkliflərini versinlər. Cənab Prezident tərəfindən təsdiq olunmuş "Azərbaycan 2020: inkişaf strategiyası" var. Həmin Proqramda da gənclərlə bağlı ayrıca fəsil var. Təbii ki, o çərçivədə də biz 2015-2024-cü ili əhatə edəcək Gənclərin İnkişaf Strategiyasının layihəsi hazırlanıb. Düşünürük ki, bu, yaxın zamanlarda təsdiq olunacaq. Bu il Azərbaycanda "Dünya Gənc Alimlərinin Forum"u keçirildi. Burada təxminən 93 ölkənin iştirakı ilə müxtəlif ölkələrdən gələn gənc alimlər təcrübə mübadilələrini həyata keçirə bildilər. Ümumilikdə il ərzində gənc alimlərin beynəlxalq tədbbirlərdə iştirakına şərait yaradırıq ki, onlar bu tədbirlərdə iştirak edərək həm öz nailiyyətlərini öz həmkarlarına nümayiş etdirsinlər, həm də o ölkələrdən təcrübələr əldə etsinlər. Hesab edirəm ki, gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər çoxsaylı və rəngarəng olub. Növbəti il isə artıq yeni hədəflər, vəzifələr bizi gözləyir. Düşünürəm ki, biz onları da çox uğurla başa çatdıracayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə