Müxalifət mətbuatı niyə narahatdır?

Elçin Mirzəbəyli: “Görünür həmin dairələrə aid olan şəxslər reket mətbuatı ilə əməkdaşlıq etdikləri üçün bu məsələlərdən narahatdırlar”
Müxalifət mətbuatı niyə narahatdır?

Tapdıq Abbas: "Qanunda olunan dəyişikliyə qarşı çıxmaqdansa şər-böhtan xarakterli materiallardan əl çəksinlər"

Məlum olduğu kimi, "KİV-lər haqqında qanuna" əlavə və dəyişikliklər Milli Məclisin müzakirəsinə çıxarılıb. Qanunun 3-cü maddəsinə (Əsas anlayışlar) "oxşar ad" termini əlavə edilir və onun təsnifatı göstərilir: "Oxşar ad – əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar". Əlavənin mahiyyəti ondan ibarətdir ki, mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılması qadağan edilir. Bundan başqa, layihədə xarici ölkənin fiziki və hüquqi şəxsləri tərəfindən maliyyələşdirilən KİV-in fəaliyyətinə xitam verilməsi də nəzərdə tutulur. Qərəzli yazılara görə haqsız olduğuna dair barəsində məhkəmə tərəfindən il ərzində 2 dəfə qərar verilən media orqanının dərcinə və yayımına xitam verilməsi barədə qanuna dəyişiklik edilməsi təklifi də müzakirəyə təqdim olunub. Amma maraqlıdır ki, müxalifət və onların təsiri altında olan müxalifətyönümlü qəzetlər nəzərdə tutulan bu dəyişikliyi narahaçılıqla qarşılayıb. Bunun səbəbini öyrənmək üçün mətbuat münayəndələrinə müraciət etdik.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

- "KİV-lər haqqında qanuna" edilən əlavə və dəyişikliklər ilk növbədə reket mətbuatını narahat etməlidir. Görünür həmin dairələrə aid olan şəxslər reket mətbuatı ilə əməkdaşlıq etdikləri üçün bu məsələlərdən narahatdırlar. Çünki oxşar adlardan adətən reket mətbuatı istifadə edir. Bu da faktiki olaraq cinayət faktlarının ortaya çıxmasına səbəb olur. Digər amillər isə məhkəmə prosedurları ilə bağlıdır. Yəni 3 dəfə yox 2 dəfə məhkəmə qərarı olacaqsa konkret bir mətbuat orqanının haqqında o zaman onun fəaliyyətinin dayandırılması məsələsinə baxıla bilər. Yəni bu tendensiya onları ciddi şəkildə narahat edir. Çünki bu gün Azərbaycanda məhz məhkəməyə cəlb olunan həmin mətbuat orqanlarıdır. Bu gün konkret olaraq həmin qəzetlərin səhfələrini vərəqləsək görərik ki, 5 məlumatdan 3-nün yalan və böhtan xarakterli olduğunun şahidi olarıq. Bir sözlə, demək olar ki, bu günə qədər hətta 3 dəfə məhkəmə tendensiyasını nəzəra alıb həmin şəxslər onları məhkəməyə versəydi yəqin ki, həmin qəzetlərin çoxu fəaliyyət göstərməzdi. Lakin Azərbaycan dövləti bu məsələlərə humanist yanaşır. Amma nəticə etibarı ilə hər şeyin bir sonu olmalıdır. İndiki şəraitdə qənaətimə görə burada söhbət dövlət maraqlarından gedir. Şübəsiz ki, fərdlər və şəxslər bu və ya digər mətbuat orqanlarının yol verdiyi xətaları bağışlaya bilər. Amma dövlət maraqları ilə bağlı məsələlərdə bu xətalar bağışlana bilməz. Bu da görünür ciddi narahatçılıq doğurur.

"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas:

- Əslində bu maddənin KİV-lərə tətbiq olinması qanunda var. Demək olar ki, bu maddə əvvəldən də həmin qanunda var idi. Sadəcə olaraq, bundan əvvəlki qanunda 3 dəfə məhkəmə məsələsi qoyulmuşdu. İndi isə 2 dəfəyə endirilib. Ona görə də, bu yenilik deyil. Sadəcə olaraq, il ərzində 2 dəfə məhkəməyə düşən qəzetlərin məsələsi ortalığa qoyulanda, müxalifət və müxalifətyönlü qəzetlərin narahatçılıqları başa düşüləndir. Xeyli böhtan xarakretli yazılar yazdıqlarına görə onların haqqında tez-tez məhkəmə iddiaları olur. Bu baxımdan, müxalifətyönülü qəzetlər həmin məsələdən narahatdılar ki, əgər bunlar məhkəmədə il ərzində 2 dəfə uduzallarsa onda həmin qəzetlərin bağlanma təhlükəsi yaranar. Qanunda olunan dəyişikliyə qarşı çıxmaqdansa şər-böhtan xarakterli materiallardan əl çəksinlər. Bir sözlə, onların narahatçılığını əsası da bundan qaynaqlanır.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə