Naxçıvanın muxtariyyəti dövlətçilik ənənələrinin davamı olaraq meydana gəlib

Naxçıvanın muxtariyyəti dövlətçilik ənənələrinin davamı olaraq meydana gəlib

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə dair Tədbirlər Planına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində "Naxçıvan Muxtar Respublikasının inkişafı" mövzusunda elmi konfrans keçirilib. AzərTAc xəbər verir ki, konfrans AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev bildirib ki, 2014-cü il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada "Muxtariyyət ili" elan olunub. Azərbaycan Respublikasının Prezidenti 2014-cü il yanvarın 14-də "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb. Həmin Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı" təsdiq olunub. Bu gün keçirilən elmi konfrans da həmin Tədbirlər Planının tərkib hissədir.

İsmayıl Hacıyev qeyd edib ki, bu il aprelin 8-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə dövlət səviyyəsində qeyd olundu. Yubiley tədbirində Azərbaycan Prezidenti İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun çıxışlarında qədim diyarın muxtariyyət qazanmasının, onun respublikamızın tərkibində saxlanılmasına, inkişafına, təhlükəsizliyinin təmininə şərait yaratdığı fikri bir daha vurğulandı.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov çıxışında deyib ki, Naxçıvanda böyük dövlətçilik ənənələrinin əsası çox qədim dövrlərdən qoyulub. Hələ X əsrdə "Naxçıvan şahlığı", XII əsrdə isə Atabəylər dövləti yaranıb. XVIII əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına mühüm töhfələr verib. XX əsrin əvvəllərində 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmlənməsində və tarixi ərazisinin qorunmasında taleyüklü xidmətlər göstərib.

Bildirilib ki, Naxçıvanın muxtariyyəti dövlətçilik ənənələrinin davamı olaraq meydana gəlib. Naxçıvan Muxtar Respublikası 1918-1924-cü illərdə cərəyan edən daxili və xarici amillərin təsiri altında yaranıb.

Diqqətə çatdırılıb ki, Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və Qars müqavilələrinin imzalanması, bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının təşkil olunması ilə birlikdə qədim diyarın təhlükəsizliyi və gələcək inkişafı da təmin edilmiş oldu.

Elmi konfransda Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov "Naxçıvan Muxtar Respublikasının keçdiyi inkişaf yolu" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, bu il 90 illik yubileyini qeyd edən Naxçıvan Muxtar Respublikası uğurlu inkişaf yolu keçib. Bu inkişaf yolunun əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ulu Öndərimizin hakimiyyətinin birinci dövründə Azərbaycan Respublikası, o cümlədən muxtar respublika tənəzzüldən inkişafa doğru istiqamət götürüb.

"Həmin illərdə bütövlükdə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artıb" - deyən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri bildirib ki, 1980-ci ildə 2 gündə istehsal edilən məhsulun həcmi 1924-cü il ərzində istehsal olunan ümumi məhsulun həcminə bərabər olub. Bu da inkişafın səviyyəsini göstərir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının yeni inkişaf mərhələsi Ali Məclisin 1995-ci il dekabrın 16-da keçirilmiş sessiyasından başlanıb. Məhz həmin sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmiş Vasif Talıbov 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq və inkişaf xəttinin muxtar respublikamızda fəal yaradıcı gücə malik olduğunu öz əməyi və gərgin işi ilə sübut edib. Uzun illər blokada şəraitində olması ilə əlaqədar fəaliyyətini dayandırmış sənaye müəssisələrinin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2003-cü ildə muxtar respublikada 18 milyon manatlıq sənaye məhsulu istehsal edilib və 1993-cü ildəki müvafiq göstəricini 3,4 dəfə üstələyib.

Kamal Cəfərov bildirib ki, 2004-cü ildən bu günədək muxtar respublikada 241 inzibati bina, mənzil təsərrüfatı üzrə 49 obyekt, 125 elm və təhsil müəssisəsi, o cümlədən 26 min 936 şagird yerlik 87 ümumtəhsil məktəbi, 181 mədəniyyət obyekti, 154 səhiyyə müəssisəsi, 18 idman obyekti, sosial qayğıya ehtiyacı olan şəxslər üçün 423 fərdi ev, 31 nasos stansiyası, 150 subartezian quyusu, 63 körpü, 636 istehsal və xidmət obyekti tikilərək istifadəyə verilib.

Bu müddətdə idarəetmənin səmərəli təşkili və ucqar yaşayış məntəqələrinin inkişafı diqqətdə saxlanılıb və son illər ərzində 4 şəhər və qəsəbə mərkəzi, 109 kənd mərkəzi istifadəyə verilib. Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 352 növdə məhsul istehsal olunur. Bu məhsulların 117 növü ərzaq, 235 növü qeyri-ərzaq məhsullarıdır. 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 336 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilib.

Elmi konfransda Naxçıvan Dövlət Universitetinin prorektoru Məmməd Rzayevin, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Akif İmanlının və digərlərinin qədim diyarın müxtəlif sahələrdə əldə etdiyi inkişafını əks etdirən məruzələri dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə