Biləsuvarlılar bu şüarla bələdiyyə seçkilərində səs verəcəklər
"Rifah və inkişafa doğru"

Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində bələdiyyə seçkilərinə partiya tərəfindən namizədlikləri qeydə alınmış gənc fəallarla görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşü giriş sözü ilə YAP Biləsuvar rayon təşkilatının və rayon Seçki Qərargahının sədri Kamil Mirzəyev açaraq Azərbaycanda gedən ictimai-siyasi proseslərlə yanaşı 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə rayon təşkilatının Seçki Qərargahının gördüyü işlərlə bağlı məlumat verib.

O, həmçinin qeyd edib ki, bu seçkilərdə gənclər və qadınlara daha çox üstünlük verilib. K.Mirzəyev onu da vurğulayıb ki, bu gün ölkəmizdə həyata keçirilən Dövlət Gənclər Siyasətinin sütunlarını Ulu Öndər Heydər Əliyevin yaratdığını vurğulayıb: "Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş namizədlərin 69 nəfərini gənclər təşkil edir. Rayon təşkilatının Seçki Qərargahının üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində ərazilərdə seçicilərlə görüşlərini davam etdirirlər. YAP bütün seçkilərdə olduğu kimi, bu seçkidə də parlaq qələbə qazanacaq, bələdiyyələrdə daha çox üzvlə təmsil olunacaq".

Görüşdə YAP Siyasi Şurasının üzvü, millət vəkili, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək son illər ərzində Azərbaycanda həyata keçirilən dinamik iqtisadi inkişafdan söhbət açıb. Natiq daha sonra qeyd etdi ki, Azərbaycanın iqtisadi qüdrəti artdıqca əhalinin sosial rifah halı da günü-gündən yaxşılaşır. Bu siyasət Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi və sosial siyasətin nəticəsidir.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov çıxış edərək Azərbaycanda həyata keçirilən gənclər siyasətinin çox doğru olduğunu qeyd edərək bildirib ki, bu siyasətin nəticəsidir ki, gənclərimiz bu gün cəmiyyətə daha çox inteqrasiya olunurlar. Natiq daha sonra Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş gənclərə uğurlar arzulayıb.

Görüşdə "Səs" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxış edərək bildirib ki, Azərbaycanda demokratik inkişaf üçün çox böyük işlər görülür. Bu cəhətdən Azərbaycan Respublikası demokratik inkişaf yolunda aparıcı mövqe tutan bir dövlətə çevrilmişdir. B.Quliyev, həmçinin ölkəmizdə keçirilən bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyasının qələbə və zəfər partiyası olduğunu vurğulayıb: "Çünki YAP bütün seçkilərə məhz xalqın dəstəyini qazana biləcək namizədlərlə gedir. Ona görə də, hər bir seçkidə partiyamız inamlı qələbə və zəfər qazınır. İnanıram ki, bu seçkilərdə də YAP-ın rayon təşkilatları, o cümlədən, YAP Biləsuvar rayon təşkilatı ən layiqli namizədlərini irəli sürməklə qələbənin təməlini qoyub".

Görüşdə gənclər adından çıxış edən Anar İmanov ölkə rəhbərinin gənclər siyasətini ürəkdən bəyəndiklərini qeyd edərək bildirib ki, bütün Azərbaycan gəncləri kimi biləsuvarlı gənclər də ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasəti bəyənir və müdafiə edirlər.

Tədbirdə YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov iştirak edib.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə