Şahin Seyidzadə: Bu Azərbaycanın türk dünyasındakı əhəmiyyətli rolu və nüfuzundan xəbər verir
"Dünya Türk Gəncləri Birliyi təkcə gənclərlə bağlı məsələləri deyil, eyni zamanda sahibkarlıq, ticarət, media və digər sahələrdə də türk xalqlarını bir araya gətirir və onların sıx əməkdaşlığını təşkil edir." Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə Dünya Türk Gəncləri Birliyinin XVI qurultayının nəticələrini şərh edərkən deyib.
Qurultayın türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Milli Şuranın sədri, şərqdən qərbədək geniş bir ərazidə yaşayan türkləri öz ətrafında birləşdirən DTGB-nin fəaliyyətini yüksək qiymətləndirib: "Qurultayda müxtəlif ölkələrin tərkibində yaşayan türk xalqları olsa da, onları birləşdirən ümumi və ən mühüm dəyər onların türk dünyasının bir parçası olmaları idi".
Şahin Seyidzadə onu da qeyd edib ki, Dünya Türk Gəncləri Birliyinin sədrliyinə yenidən azərbaycanlının seçilməsi ölkəmiz üçün vacib əhəmiyyətə malikdir. Bu bir daha Azərbaycanın türk dünyasında olan önəmli rolu və nüfuzundan xəbər verir. Azərbaycanın türk dünyası üçün əhəmiyyəti tək dövlətlər səviyyəsində deyil, həmçinin ictimai səviyyədə də artıq qəbul edilib. DTGB-yə yenidən Azərbaycanlı sədrin seçilməsi böyük etimadın sübutudur.
Qeyd edək ki, hazırda 18 Avrasiya ölkəsindən təxminən 35 türk xalq və topluluğunu təmsil edən 42 təşkilatın üzv olduğu Dünya Türk Gəncləri Birliyinin XVI qurultayı dekabrın 10-14-də Türkiyənin İstanbul şəhərində keçirilib və qurultayın gedişində bir çox əhəmiyyətli qərarlar qəbul olunub. Bu qərarlar sırasında 2015-ci ildə qondarma "erməni soyqırımına" qarşı mübarizə aparmaq üçün türk xalqlarının birgə kampaniyaya başladılmasına dair qərarın qəbul edilməsi oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB