Türkiyə tarixçilərindən "2015-ci il" “bombası”

Türkiyə tarixçilərindən "2015-ci il" “bombası”

"Dünya erməniləri sakral 24 aprel 2015-ci il tarixinə hazırlıqlarını davam etdirirlər. Onlar reallaşdırmağa çalışdıqları miflərinin – "Osmanlı imperiyası dövründə ermənilərin soyqırımına məruz qalmalarının 100 illiyinin" hegemon dövlətlər tərəfindən qeyd edilməsinə hazır olduqlarını bildirirlər. Artıq indidən, ermənilərin "100 iliklə" bağlı plan və tədbirlərinin işlənilərək hazır vəziyyətə gətirildiyi bildirilir.

Bu da azmış kimi, ermənilər "soyqırımın fəsadlarını aradan qaldırmaq üçün" Türkiyəyə qarşı tələb də irəli sürməyə hazırlaşırlar. Bununla bağlı xüsusilə Daşnaksütyun təşkilatı məşğul olur. Bu fikirləri partiyanın liderlərindən biri olan Kiro Manoyan öz müsahibəsində deyib.

Lakin bütün bunların müqabilində Türkiyə hökuməti də boş dayanmayıb. Türkiyə tərəfi bugünə qədər ictimailəşdirmədiyi və 2015-ci il 24 aprel tarixinə dünyanın "ən əzabkeş və soyqırımlara məruz qalmış xalqı" üçün partlaya biləcək ən güclü "bomba" hazırlayıb".

SİA xəbər verir ki, bu fikirləri Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi (YTSAM) ictimailəşdirib.

Bəlli olub ki, türkiyəli tarixçilərin işlərini ölkənin keçmiş təhsil naziri Həsən Cəlal Gözəl koordinasiya edəcək. Aparılan işin nəticəsinə görə, qondarma erməni genosidini yalanlayan və ifşa edən material 20 başlıqdan ibarət olacaq və 7 dilə tərcümə ediləcək. Əldə olunan mənbələr isə Türkiyənin diplomatik mənbələri tərəfindən bütün dünya üzrə paylanılacaq.

Sözügedən məsələ ilə bağlı Türkiyənin tanınmış səkkiz tarixçisindən biri, jurnalist araşdırmaçı, hazırda sözügedən layihədə iştirak edən Mehmet Perinçek ("Erməni məsələsi – Rusiya arxivlərindən çıxarılmış 120 sənəd" kitabının müəllifi) qeyd edib ki, o YTSAM-a üzərində işlədiyi və hazır etdiyi üç işini göndərib. O bildirib ki, həmin sənədlər Rusiya dövlət hərbi-tarixi arxivindən götürülüb.

"Bu işlər "Erməni məsələsi – Rusiya arxivlərindən çıxarılmış 120 sənəd" kitabında qeyd olunmayıb və ilk dəfə ictimailəşdiriləcək. Sözügedən işlərin adı "Ermənilər Birinci Dünya müharibəsi ərəfəsində çar hərbi kəşfiyyatında", "Daşnaklar iki intellegent bolşevikin göü ilə" və "ASALA və "Taalatın uşaqları"dır. Bütün bunlar çox nəhəng, qiymətli və əhəmiyyətli – ən əsası isə sənədlərə istinad edən işlərdir ki, ermənilərin "soyqırımı" miflərini alt-üst edəcək"-deyə Perinçek vurğulayıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə