Yasamalda seçicilərin təklifi dəyərləndirilir

Yasamalda seçicilərin təklifi dəyərləndirilir

Bələdiyyə seçkilərinə ciddi hazırlaşan Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatından irəli sürülən namizədlərlə görüşdə seçicilər ərazidə aparılan abadlıq işlərindən razılıqla danışaraq arzu və istəklərini də bildirdilər

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının seçicilərlə keçirdiyi görüşlərdə qeyd olunduğu kimi, ötən illərdə zəngin təcrübə toplayan bələdiyyələrin fəaliyyəti ərazidəki yeniliklərdən də aydın olur. Əvvəlki illərdən fərqli olaraq insanlar bələdiyyələrə daha çox inanır.

YAP Yasamal rayon təşkilatının seçki qərargahında təşkil olunan seçicilərlə növbəti görüşü giriş sözü ilə açan təşkilatın sədri Fikrət İsmayılov yeni idarəetmə orqanı kimi formalaşan bələdiyyə seçkilərinə hazırlıqda vətəndaşların fəallığını insanların Yeni Azərbaycan Partiyasına etimadı kimi dəyərləndirdi. Ölkədə aparılan quruculuq işlərindən bəhs edən, yüksələn iqtisadi inkişafı ilə dünya birliyinin diqqətində olan ölkəmizin qazandığı uğurlarda YAP ətrafında birləşən saf əqidəli insanların həyata keçirilən islahatlarda artan rolundan, xidmətlərindən bəhs edən F. İsmayılov bildirdi ki, bu inkişafda bələdiyyələrin fəaliyyəti nəzərə çarpacaq dərəcədə genişdir:

- İqtisadi inkişafımızın önündə addımlayan YAP-ın üzvləri təbliğat kampaniyasında daha çox fəallıq göstərərək bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmə orqanlarında da əməli işləri ilə diqqəti cəlb edirlər. Buna görə də namizədlərlə görüşə böyük inam və ümidlə gələn seçicilər birmənalı olaraq ümummilli lider Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasını təmsil edənlərə etimad göstərəcəklərini bildirirlər.

Bələdiyyələrin bu gün həyatımıza daha çox nüfuz etdiyini bildirən təşkilat sədri vurğuladı ki, seçkilərə təkmil proqramlarla gələn YAP milyonların partiyası olduğunu əməli fəaliyyəti ilə doğruldur, xalqla həmrəylik və birlik nümayiş etdirir. Təbliğat- təşviqat kampaniyasında mütəşəkkilliklə iştirak edən seçicilərin fəallığı isə partiyaya inamın təzahürüdür:

- Təbliğat-təşviqat kampaniyasının Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil olunması üçün maarifləndirmə işi sürətləndirilir. Bələdiyyə seçkilərinə ilk gündən məsuliyyətlə yanaşan, namizədlər üçün nəzərdə tutulan sayda imzaların toplanılması, qeydə alınması mərhələsini uğurla başa vuran Yeni Azərbaycan Partiyası xalqın istək və təşəbbüslərinin həyata keçirilməsi üçün səylərini artırır.

Görüşdə qeyd olundu ki, demokratik cəmiyyətin əsas atributlarından olan bələdiyyələrə ən layiqli namizədlərin seçilməsi insanların rəyindən asılıdır. Sosial, iqtisadi islahatların tətbiqində, mədəni və humanitar tədbirlərin, aksiyaların keçirilməsində müəyyən xidmətləri olan bələdiyyələr ictimai-siyasi həyatımıza geniş nüfuz edir.

Görüşdə YAP Yasamal rayon təşkilatını seçkilərdə təmsil edən namizədlərdən Zakir Cəfərov və Ülviyyə Əliyeva çıxış edərək seçicilərin suallarına cavab verdilər. Əminliklə söylənildi ki, bütün siyasi kampaniyalarda demokratiyanın əsas tələblərindən olan obyektivlik və şəffaflığın təmin edilməsini başlıca prinsip kimi qarşıya qoyan və çoxsaylı seçicilərin rəğbətini qazanan Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərinə də qələbə əzmi ilə başlayıb.

Seçicilərin ümumi rəyi belə oldu ki, 23 dekabrda hamı bir nəfər kimi müasirləşən, sıraları genişlənən, ölkənin siyasi, iqtisadi həyatında rolu artan iqtidarın dövlət siyasətini dəstəkləməklə YAP ilə həmrəyliyini, rəğbətini partiyanın namizədlərinə etimad göstərməklə bildirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə