Fövqəladə Hallar Nazirliyinin yaradılmasının doqquzuncu ildönümü və nazirlik sistemi işçilərinin peşə bayramı ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri çıxış sözü ilə açan Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında böyük uğurlar qazanılıb: "Azərbaycanın bugünkü uğur konsepsiyasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət bu gün də Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Peşə bayramı ərəfəsində nazirliyin xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, orden və medallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif olunması FHN əməkdaşlarını daha səmərəli fəaliyyət göstərməyə ruhlandırmaqla, həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir".
K.Heydərov FHN-nin əldə etdiyi uğurlarla yanaşı xidmətlərində nöqsanlara yolverən əməkdaşlar haqqında da danışıb: "Daxil olan şikayətlər əsasında 68 nəfər FHN əməkdaşı haqqında intiuzam tədibləri görülüb. 16 nəfər işdən azad edilib".
Tədbirdə vurğulanıb ki, cari ildə nazirliyin qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, inzibati, xidməti bina və qurğuların tikintisi, köhnə obyektlərin bir qismində əsaslı təmir və yenidənqurma işləri davam etdirilib. Ötən illərdə olduğu kimi, cari ildə də fövqəladə hallar orqanları dövlət quruculuğu işlərində öncüllər sırasında olub, vətəndaşlarımızın əmin-amanlıq şəraitində yaşaması, onların və əmlaklarının təhlükəsizliyini etibarlı təmin ediblər. Baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə il ərzində müvafiq tədbirlər davam etdirilib, o cümlədən yanğından mühafizə sahəsində əməliyyat şəraiti daim diqqət mərkəzində saxlanılıb.
Tədbirdə Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın orden və medallarla təltif edilməsi haqqında sərəncamları oxunub. Həmçinin nazirliyin xidmətdə fərqlənən əməkdaşları fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə təltif olunublar. FHN-nin əməkdaşlarına orden və medallar təqdim edilib.
Nazir K.Heydərov FHN-nin fəaliyyətinə daim verdiyi yüksək qiymətə, göstərdiyi diqqət və qayğıya görə nazirliyin bütün şəxsi heyəti adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirdə Prezident İlham Əliyevə müraciət qəbul edilib. Müraciətdə qeyd edilib ki, bu gün Fövqəladə Hallar Nazirliyinin strukturları işini günün tələbi səviyyəsində qurur: "Ötən müddət ərzində qazandığımız hər bir uğurun əsasında Sizin FHN-nin şəxsi heyətinə göstərdiyi qayğı dayanır. Nazirliyinin əməkdaşlarının təltif edilməsi diqqətin bariz nümunəsidir. Buna görə sizə dərin minnətdarlıq bildiririk. Əmin edirik ki, əhalinin və ərazinin fövqəladə hallardan qorunmasına hər zaman hazır olacağıq".
Tədbirdə nazirliyin 2015-ci il üçün Fəaliyyət Planı da təsdiqlənib. Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB