YAP Masallıda bələdiyyə seçkilərinə ciddi hazırlaşır FOTOLAR

YAP Masallıda bələdiyyə seçkilərinə ciddi hazırlaşır FOTOLAR

23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində bələdiyyə seçkilərində YAP Masallı rayon təşkilatı tərəfindən bələdiyyələrə namizədlikləri qeydə alınmış gənclər, qadınlar eləcə də Seçki Qərargahının üzvləri ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Siyasi Şurasının üzvü, Millət Vəkili, Sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli, "SƏS" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov iştirak edib.

Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq təbliğat kampaniyası dövründə aparılan işlər barədə ətraflı məlumat verib: "Yeni Azərbaycan Partiyası bu il keçiriləcək bələdiyyə seçkilərində çox layiqli namizədlərlə təmsil olunur. Rayon üzrə fəaliyyətdə olan 36 bələdiyyəyə 366 nəfərin namizədlikləri irəli sürülüb və bunların da 99 nəfərini qadınlar, 65 nəfərini gənclər təşkil edib. Namizədlərin müdafiəsi üçün ərazilər üzrə təbliğat qrupları yaradılaraq onlara treninqlər keçirilib. Rayon təşkilatının Seçki Qərargahı üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində ərazilərdə seçicilərlə görüşlərini davam etdirir. Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi bu seçkidə də parlaq qələbə qazanacaq, bələdiyyələrdə daha çox üzvlə təmsil olunacaq".

Qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edən Seyfəddin Əliyev əlavə edib ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir: "YAP-ın 22 illik tarixi var və cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib. Ona görə də, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də YAP-ın namizədləri qələbə qazanacaqlar".

Sonra YAP Siyasi Şurasının üzvü, Millət Vəkili, Sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli çıxış edərək son illər Azərbaycanda dinamik inkişaf edən iqtisadiyyatdan söhbət açıb: "Azərbaycan dünya ölkələri arasında öz iqtisadi qüdrətinə görə önəmli yer tutan bir ölkəyə çevrilib. Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi və sosial siyasət nəticəsində Azərbaycan nəinki regionda, eyni zamanda Avropa miqyasında güclü inkişaf edən bir dövlətə çevrilib. Natiq daha sonra Yeni Azərbaycan Partiyası tərəfindən Bələdiyyələrə namizədliyi irəli sürülmüş namizədlərə bu siyasi marafonda uğurlar arzulayıb.

"SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək bildirib ki, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər sırasında mühüm yer tutmaqdadır. YAP bütün seçkilərə məhz xalqın dəstəyini qazana biləcək namizədlərlə gedir. Ona görə də, hər bir seçkidə partiyamızın qələbəsi reallaşır: "İnanıram ki, bu seçkilərdə də YAP-ın rayon təşkilatları, o cümlədən, YAP Masallı rayon təşkilatı ən layiqli insanların namizədliklərini irəli sürməklə qələbənin təməlini qoyub".

Daha sonra YAP Masallı rayon təşkilatı Seçki Qərargahının üzvü Qardaş Fətullayev çıxış edərək YAP tərəfindən namizədliyi irəli sürülmüş partiya üzvlərinə seçkilərdə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə