"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi Nizami Gəncəvi adına "Haaqa Azərbaycan məktəbi"nin fəaliyyətə başlamasının 1 illiyini qeyd edib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin əməkdaşları Fərid Zeynallı, Nahid Cəfərov, Noqay Türkləri Dərnəyi başqanı Orxan Dəmirçi, Hollanda Azərbaycan Türk Kültür Dərnəyinin başqanı İlhan Aşkın, Türk İslam Kültür Dərnəkləri Federasiyası başqanı Arif Yakışır və digər təşkilat rəhbərləri, Haaqada yaşayan soydaşlarımız iştirak edib.
"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva məktəb haqqında məlumat verərək bildirib ki, həftənin şənbə günləri fəaliyyət göstərən məktəbdə Niderlandda yaşayan azərbaycanlıların uşaqlarına Azərbaycan dili və ədəbiyyatı, tarixi, mədəniyyəti tədris olunur. Hazırda balacalara rəqs dərslərinin keçildiyini də bildirən M.Ağamirzəyeva yaxın gələcəkdə məktəbin öz fəaliyyətini genişləndirəcəyinə ümid etdiyini deyib. O, məktəbin açılmasında və fəaliyyətinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinə, eləcə də digər təşkilatlara təşəkkür edib.
Valideynlərə və cəmiyyətin digər üzvlərinə minnətdarlıq edən "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi İdarə Heyətinin üzvü, "Haaqa Azərbaycan məktəbi"nin direktoru və müəllimi Almaz Kərimli isə şagirdləri ilə fəxr etdiyini deyib. A.Kərimli Hollandiyada doğulan bu uşaqların Azərbaycan əlifbasına, atributlarına böyük maraq göstərdiyini, Azərbaycan dilində şeirləri böyük həvəslə əzbərlədiyini bildirib.
Daha sonra çıxış edənlər də Niderlandda Azərbaycan diasporunun gördüyü işlərdən danışıb, xüsusilə qadınların bu istiqamətdə göstərdiyi fəallığın təqdirəlayiq olduğunu vurğulayıblar. Onlar şagirdləri və müəllimləri məktəbin bir yaşı münasibətilə təbrik edib, gələcəkdə daha böyük layihələrə imza atmağı arzulayıb. Bayram tədbiri şagirdlərin rəqsləri ilə yekunlaşıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB