"Rifah və Quruculuq naminə" qələbələrə doğru

"Rifah və Quruculuq naminə" qələbələrə doğru

Artıq bələdiyyə seçkilərinə namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarında görüşlər davam edir, seçicilərin fikirləri bildirilir, YAP-ın səlahiyyətli nümayəndələrinin töfsiyyələri verilir. YAP Ağdaş rayon təşkilatı da təbliğat kampaniyasını uğurla davam etdirir. Dekabrın 13-də Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş və namizədlikləri 26 bələdiyyə üzrə qeydə alınmış 92 nəfər bələdiyyə üzvlüyünə namizəd qadınlar və partiyanın fəalları olan ağdaşlı seçici qadınlarla görüş keçirib. Görüş iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto stendlərə baxılıb.

Görüşü YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov açaraq qarşıdan gələn bələdiyyə seçkilərindən və bu seçkilərlə əlaqədar indiyə qədər görülmüş işlər barədə məlumat verərək bildirdi ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. Qeyd edib ki, YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafına mühüm töhfələr verir. Ona görə də, xalqımız dövlətimizin daha da inkişafı naminə YAP-ın namizədlərinə səs verməlidirlər.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasından Ağdaş bələdiyyəsinin üzvlüyünə namizəd, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı qadınlar şurasının sədr müavini Şəhla Hacıbalayeva və Qülbəndə bələdiyyəsinə namizədliyi irəli sürülmüş Almas Salehova ağdaşlı qadınların dövlətə və dövlətçiliyə hər zaman sadiq olduqlarından, keçirilən bütün siyasi kampaniyalarda fəal iştirak etdiklərindən, dövlətimizin bələdiyyələrə göstərdiyi diqqət və qayğıdan, eləcə də bələdiyyələrin qarşısında duran vəzifələrdən söz açdılar.

Tədbirdə çıxış edən YAP Qadınlar Şurasının üzvü, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Zərifə Quliyeva ağdaşlı qadınlarla görüşdən məmnun olduğunu qeyd edərək müstəqil Azərbaycanımızın keçdiyi keşməkeşli tarixə və Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan naminə gördüyü misilsiz işlərə toxunubdur. Z.Quliyeva, həmçinin vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmışdır: "Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və Onun ətrafında daha sıx birləşirlər".

Z.Quliyeva, eyni zamanda yerli özünüidarəetmə institutunun yarandığı 15 illik bir müddət ərzində bələdiyyələr müəyyən inkişaf yolu keçdiyini, təkmilləşdiyini vurğuladı: "Sevindirici haldır ki, bələdiyyələrə namizədlər arasında qadınların və gənclərin sayı əvvəlki seçkilərə nisbətən çoxluq təşkil edir. Bələdiyyə seçkiləri, ümumilikdə bələdiyyələrin fəaliyyəti Azərbaycanın demokratik inkişafı baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Azərbaycan dünya ölkələri arasında öz iqtisadi qüdrətinə görə önəmli yer tutan bir ölkəyə çevrilib. Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi və sosial siyasət nəticəsində Azərbaycan nəinki regionda, eyni zamanda Avropa miqyasında güclü inkişaf edən bir dövlətə çevrilib. Sözsüz, bu tərəqqinin əldə olunmasında qadınlarımızın da rolu böyükdür. Mən əminəm ki, Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş qadınlar bu siyasi marafonda yüksək qələbə qazanacaq. Bu yolda sizlərə uğurlar arzalayıram".

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə