“Yaşıl çay” fermer təsərrüfatında yeni plantasiyalar salınır FOTOLAR
Məlumdur ki, durğunluq illərində mövcud çay plantasiyalarının sıradan çıxması nəticəsində yerli məhsul istehsalı kəskin surətdə azalıb.Bu səbəbdən ölkəmizdə çaya olan tələbatın böyük hissəsi xarici ölkələrdən gətirilən məhsul hesabına ödənilir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, son illər ölkəmizdə çayçılığın inkişafına diqqət xeyli artırılıb. Lənkəran və Astara rayonlarında yeni-yeni çay plantasiyaları salınır. Lənkəran rayonunun İstisu qəsəbəsində yaradılan "Yaşıl çay" fermer təsərrüfatı da üzərinə böyük məsuliyyət götürərək bu istiqamətdə fəaliyyətini ildən-ilə artırır. Qarşıya çıxan çətinliklərə baxmayaraq Azərbaycan çayının bərpası üçün məqsədyönlü işlər görülür. Ötən illərdə təsərrfatda 42 hektar sahədə çay plantasiyası salınıb. Daxili imkanlar hesabına plantasiyalarda müasir suvarma sistemi quraşdırılıb. Düzgün aqrotexniki qulluq nəticəsində çay kolları sürətlə inkişaf edir. Təsərrüfatın rəhbəri Araz Yağubovla görüşüb söhbət edirik. O, söhbət zamanı bildirdi ki, plantasiyaları daha da genişləndirmək fikrindəyik. Bu məqsədlə yazda 1 hektar sahədə tinglik salmışıq. Burada elit toxumlardan yüksək keyfiyyətli şitilər əldə edilib.Həmçinin əkiləcək sahələr qabaqcadan tam hazır vəziyyətə gətirilib. Havaların yağmurlu keçməsi işimizi ləngitsə də, şərait imkan verən kmi çaybecərənlərimiz sahələrə çıxır, əkini davam etdirirlər.
Bu günlərdə əkin keçirilən sahələrə baş çəkdik. Hamı həvəslə, xüsusi şövqlə işləyirdi. Kimi şitil daşıyır, kimi əkin yerini hamarlayır, kimisə seçilmiş şitilləri torpağa köçürməklə gələcək plantasiyaların əsasını qoyurdu.Təcrübəli aqronom Ağəli Quliyev işlərin düzgün aqrotexniki qayda da keçirilməsinə ciddi nəzarət edirdi. Ağəli Quliyevlə görüşüb söhbət etdik. O bildrdi ki, yeni əkinə çoxdan hazırlaşırdıq. Həmçnin əkiləcək torpaqlar aqrotexniki qayda da şumlanmış, əkinə hazır vəziyyətə gətirilmişdi. Hər hektar sahəyə 22 mindən artıq sağlam şitil köçürülür. Çaybeçərənlərimiz də üzərlərinə düşən məsuliyyəti yaxşı başa düşürlər. Ona görə də əkini keyfiyyətlə aparırlar. Necə deyərlər, tapşırılan işə ürək qoyurlar. Bu da ümid verir ki, çəkdiyimiz zəhmət hədər getməyəcək, yeni sahələrimiz də əsl nümunəvi çay plantasiyasına çevriləcəkdir. Əlverişsiz hava şəraitinə baxmayaraq çaybecərənlər indiyə kimi artıq 20 hektar sahəyə çay şitili köçürüblər. Təcrübəli aqronom əlavə etdi ki, çay sahələrini daha da artırmaqla yanaşı, mövcud plantasiyalara düzgün qulluq göstərmək və gələcəkdə bol və keyfiyyətli Azərbaycan çayı yetişdirmək başlıca məqsədimizdir. Çay əkini ilə yanaşı, plantasiyalarda meşə qoruyucu zolaqları da salınır. Bu da əkilən çay bitkisini qış aylarında soyuq havanın təsirindən qorumaqla bərabər, yay aylarında havada rütubətin qalmasına şərait yaradacaqdır.
Söhbətə "Yaşıl çay" fermer təsərrüfatının rəhbəri Araz Yağubov da qoşulur. O bildirdi ki, cari ildə daha 20 hektarda əkin keçirilməklə plantasiyaların ümumi həcmini 62 hektara çatdırmışıq. Çay sahələri artdıqca qayğıları da çoxalır. Bu sahənin daha da inkişaf etdirilməsi üçün fermer təsərrüfatının rəhbəri çayçılıq üzrə dövlət proqramının qəbulunun vacib olduğunu xüsusi vurğuladı. Əlavə etdi ki, bu gün çayçılığın inkişafı üçün zəruri olan amillər sırasında bu sahəyə uzunmüddətli kreditlərin verilməsi, sırf çayçılıqda lazım olan gübrələrin gətirilməsi və çay sahələrinin daimi, xüsusən də yay aylarında fasiləsiz su ilə təmin olunması dayanır . Çay bitkisinin məhsuldarlığı ilk növbədə yay aylarında suvarma ilə bağlıdır. Mütəxəsisslərin belə bir sözü var ki, çay bitkisini yayda su ilə təmin etmək, qışda isə sudan qorumaq lazımdır. Belə olan halda yüksək məhsuldarlığa nail olmaqla yanaşı, çay kollarını da iqlimin zərərli təsirindən qorumaq mümkündür".
"Yaşıl çay" fermer təsərrüfatından, onun işgüzar adamlarından xoş ovqatla ayrılırıq. Ümid edirik ki, adı dillər əzbəri olan Azərbaycan çayı əvvəlki şöhrətini yenidən özünə qaytaracaqdır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB