“Kütləvi çıxarış”lar regionlarda da paylanılır

“Kütləvi çıxarış”lar regionlarda da paylanılır

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) "kütləvi çıxarış" kampaniyasını növbəti dəfə 8 dekabr 2014-cü il tarixində Qəbələ və Şəki rayonlarında keçirib. SİA-nın məlumatına görə, bu rayonların bir neçə kəndlərini əhatə edən tədbirdə 450-ə yaxın vətəndaşın əvvəllər yaranmış mülkiyyət hüquqlarını təsdiq edən sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub. Qeyd edək ki, Azərbaycan prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanının icrası məqsədilə komitə noyabr ayından etibarən vətəndaşlara əvvəllər verilmiş mülkiyyət barədə aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına start verib. Bu kampaniya indiyədək Qəbələ və Şəki rayonunlarından əlavə, Saatlı, Şəmkir, Abşeron və Cəlilabad rayonlarında da keçirilib. "Kütləvi çıxarış" kampaniyasından ümumilikdə 1200-ə yaxın vətəndaş faydalanıb. Kampaniya müddətində dövlət reyestrindən çıxarışlar vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunub. Mobil ofislər vasitəsilə çıxarışların verilməsində məqsəd vətəndaşların rahatlığını təmin etmək və vaxta qənaət etməkdir. Qeyd edək ki, ümumilikdə, indiyədək mobil ofislər vasitəsilə 2100 məntəqədə 15000 vətəndaşa qeydiyyat xidmətləri göstərilib.

Komitə vətəndaşlara xatırladır ki, mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də aparılır. Kampaniyadan faydalanmaq istəyən vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə və ya Xidmətin müvafiq ərazi idarəsinə müraciət edə bilər. Məlumatda belə deyilir: "ƏMDK vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edən bu kampaniyanı respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdirir".

Qeyd edək ki, mülkiyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması daşınmaz əmlakla bağlı alqı-satqı proseslərinə müsbət təsirini göstərir, nəticədə daşınmaz əmlak bazarının inkişafına səbəb olur. Bu kampaniya əhali arasında etibarlı və zəmanətli mülkiyyət barədə əminliyin yaranmasına böyük dəstək verir. "Digər səbəb isə komitə tərəfindən ictimaiyyət arasında geniş maarifləndirmə tədbirlərinin keçirilməsidir. Bu da, ölkə vətəndaşlarının daşınmaz əmlakın qeydiyyatının əhəmiyyətini hiss etməsinə, sosial-iqtisadi faydalarını dərk etməsinə səbəb olmaqdadır"-deyə məlumatda bildirilir. Kampaniyanın davamlı həyata keçirilməsində məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğu artırmaqdır.

Xatırladaq ki, son illərdə Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində bir sıra uğurlar əldə edilib. Belə ki, ƏMDK tərəfindən qeydiyyat prosedurlarını sadələşdirilib, daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı müddətlər qısaldılıb. Elektron və onlayn xidmətlər istifadəyə verilməsi və ərazi qeydiyyat idarələrində yüksək xidmət şəraitinin yaradılması qeydiyyat sahəsində şəffaflığın və operativliyin daha da yüksəlməsini təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə