Müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasından 11 il ötür. Bu illər ərzində xalqımız öz liderini bir an belə unutmamış, hər zaman onu qürur hissi ilə yad edib. Çünki Ulu Öndər Heydər Əliyev xalqımızın taleyində əvəzsiz rol oynayıb. O, Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, xalqın sosial həyat səviyyəsinin yüksəldilməsi, ölkəmizin bir dövlət kimi beynəlxalq aləmdə tanınması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün qlobal işlər gördü.
Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuzu nurlandırır. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, təsadüfi deyil ki, dekabrın 12-də respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da Ulu Öndərin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, ali, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri abidənin önünə gül dəstələri düzdülər.
Bütün gün ərzində Heydər Əliyev Xatirə parkında Ulu Öndərin əzəmətli abidəsi önünə gül-çiçək dəstələri qoyuldu, Dahi Rəhbərin əziz xatirəsi ehtiramla və məhəbbətlə yad edildi, ruhuna dualar oxundu.
Dekabrın 12-də Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyətinin və YAP Lənkəran şəhər təşkilatının təşkilatçılığı ilə Ulu Öndərin vəfatının 11-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov açaraq qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində böyük hörmət və məhəbbətlə anılır. Ümummilli Liderimizin vəfatının 11-ci ildönümü münasibətilə Lənkəran ŞİH başçısının sərəncamı ilə geniş tədbirlər planı hazırlanıb həyata keçirilir. Rayonun bütün müəssisə və təşkilatlarında, ali, orta ixtisas və ümumtəhsil məktəblərində müxtəlif mövzularda silsilə tədbirlər düzənlənir.
İlqar Dadaşov bildirib ki, 1969-cu ildə Heydər Əliyev rəhbərliyə gələndə Azərbaycan geridə qalmış aqrar ölkə idi. Onun yüksək təşkilatçılıq və uzaqgörən rəhbərliyi sayəsində respublikamız nəinki gerilikdən çıxdı, hətta ittifaq respublikalarını bütün sahələrdə inkişaf sürəti baxımından arxada qoydu. 1993-cü ildə isə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev öz tarixi xilaskarlıq vəzifəsini böyük uzaqgörənliklə həyata keçirdi. Ölkəmiz bir dövlət kimi öz müstəqilliyini bərpa etdi. Həyata keçirilən islahatlar ölkə iqtisadiyyatını möhkəmləndirdi, Azərbaycanın beynəlxalq nüfuzu artdı. Üç rəngli bayrağımız dövlət müstəqilliyimizin rəmzi kimi dünyanın hər yerində dalğalanmağa başladı. Sevindiricidir ki, Ümummilli Liderimizin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirir. Demək, Heydər Əliyevin daim xalq, Vətən sevgisi ilə çağlayan böyük ürəyi dayansa da o, həmişə sıralarımızdadır.
Dəyirmi masada YAP Lənkəran şəhər təşkilatının sədr müavini Əlimərdan Əliyev, rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, YAP Lənkəran şəhər təşkilatı idarə heyətinin üzvü, şəhər Təhsil şöbəsi ərazi ilk təşkilatının sədri Güloğlan Bağırov və başqaları öz çıxışlarında vurğulayıblar ki, Heydər Əliyev bir rəhbər kimi bütün ömrünü doğma xalqına həsr edib. Təbii ki, onun yorulmaz, əzmkar fəaliyyəti də xalqının xoşbəxt gələcəyinə, nurlu sabahına, Vətəninin coşqun yüksəlişinə həsr olunub. Ulu Öndər təhsilin, elmin inkişafına, dövlətçiliyin möhkəmlənməsinə, iqtisadiyyatın yüksəldilməsinə müstəsna diqqət yetirib. Nə qədər Azərbaycan var, Heydər Əliyev də qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır!
Sərraf Mirsəfəroğlu









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB