Türkiyə və Azərbaycan mediası bir araya gəldi Yenilənib

Türkiyə və Azərbaycan mediası bir araya gəldi Yenilənib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Türkiyə TİKA (Türk İşadamları Kalkınma Ajanslığı) və Mətbuat Şurasının dəstəyi ilə "Türkiyə və Azərbaycan Mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, TİKA Bakı nümayəndəsi Mustafa Haşim Polat, TRT–nin icraçı direktoru Şenol Göka, Anadolu Agentliyinin icraçı direktoru Əbubəkir Şahin, Türkiyə və Azərbaycandan digər kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edib.

Ümumilli Lider Heydər Əliyevin bir dəqiqəlik sükutla anımından sonra tədbir açıq elan edilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək, Türkiyə ilə Azərbaycan arasında media sahəsində keçirilən layihələrdən danışıb. Ümumilli lider tərəfindən iki ölkə arasında təməli qoyulan sıx əlaqələrin inkişaf yoluna nəzər salıb.

"Türkiyə və Azərbaycan mediası texnologiyaların hansı səviyyədə dəyişməsindən asılı olmayaraq, ölkələrimizin ortaq maraqlarından çıxış etməlidir". Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında deyib. O, Türkiyə ilə Azərbaycan arasında media qurumlarının əlaqələrindən danışıb: "Dövlətlərimiz vahid mövqedən çıxış edirsə, diaspor təşkilatlarımız, səfirliklərimiz mütəmadi olaraq qarşılıqlı fəaliyyət göstərirlərsə, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bütün məsələlərdə ölkələrimizin maraqlarından çıxış edərək vahid hədəflər uğrunda addımlar atırsa, nə üçün bizim media orqanları da birgə fəaliyyət göstərməsin? Sizə bir faktı xatırladım. Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində regionun 15-ə yaxın ölkəsinin rəsmilərinin toplaşdığı tədbirdə "forpost" dövlət olan Ermənistanın prezidenti Serj Sarkisyan Türkiyənin əleyhinə danışarkən Azərbaycan Prezidenti onun sözünü saxladı və dedi ki, sən Türkiyənin burada olmamasından sui-istifadə edib dövlətin ünvanına böhtanlar yağdırma. Türkiyə burada olmasa da, mən buradayam və sənin cavabını verəcəm. Təkcə bu ifadələrin özü bu gün Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında olan münasibətlərin nə səviyyədə olduğunu göstərir".

Azərbaycanın ilk müstəqillik əldə etdiyi illərində ən böyük dəstəyi Türkiyə tərəfindən gördüyünü deyən Əli Həsənov 1998-2000-ci illərdən sonra isə Azərbaycanın Türkiyəyə böyük yatırımlar etdiyini vurğulayıb: "Azərbaycan ən böyük yatırımlarını Türkiyə iqtisadiyyatına qoyub. Yaxın 5 ildə Azərbaycan dövləti Türkiyə iqtisadiyyatına 20 milyard dollar vəsait yönəldib. Bu da Azərbaycan neftinin qardaş ölkəyə gətirdiyi üstünlüklərdir ki, Türkiyədə çoxlu sayda iş yeri açılıb. Bütün bunlara görə mən bugünkü konfransı çox aktual hesab edirəm. Düşünürəm ki, iki ölkənin jurnalistləri də dövlətlərimizin strateji xəttini qoruyaraq, prezidentlərimizin yürütdüyü siyasətdən və ulu öndərlərimiz – Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müəyyənləşdirdiyi xətdən çıxış edərək, ölkələrimizin maraqlarını qorumalıdırlar. Media texnologiyaları hansı səviyyədə dəyişməsindən asılı olmayaraq, hər iki ölkənin jurnalistləri ortaq maraqlardan çıxış etməlidir. Əlbəttə, peşəkar jurnalistlər konfransda bu barədə danışacaqlar. Ənənəvi media strukturları yerini modern media strukturlarına verir. Bu da ondan irəli gəlir ki, müasir dövrdə ənənəvi ünsiyyət forması virtual ünsiyyət formasına keçir. Buna müvafiq olaraq həm Azərbaycan, həm Türkiyə getdikcə modernləşərək mövcud strukturlarını, o cümlədən media strukturlarını müasir çağırışlara uyğunlaşdırır. Jurnalistlər unutmamalıdırlar ki, hansı şəraitdə, hansı texniki vasitələrlə, hansı maddi və mənəvi mühitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, onlar dövlətlərimizin, xalqlarımızın maraqlarını nəzərə almalı və bu maraqların təmin olunmasına töhfələrini verməlidirlər".

Ulu Öndər Heydər Əliyevin jurnalistlərə xüsusi diqqət yetirdiyini ifadə edən Əli Həsənov, jurnalistlərə xüsusi diqqət yetirildiyini deyib: "Ulu Öndər deyib ki, əgər bu gün jurnalistlərin fəaliyyəti olmasa, bizim həyata keçirdiyimiz tədbirlər və idarəçilik strukturlarının gördüyü işlər barədə məlumatlar insanlara çatdırıla bilməz. Əgər insanlara çatdırıla bilməzsə, deməli, bu fəaliyyət insanlar tərəfindən dəyərini tapmayacaq. Jurnalistlər idarəçilərlə idarə olunanlar arasında ən sıx əlaqə vasitəsidir və hakimiyyətin siyasətini xalqa, xalqın da idarəçiliklə bağlı rəyini hakimiyyətə çatdıraraq ümumi əlaqəni yaradır. 1993-cü ildən Azərbaycanda azad medianın inkişafı sahəsində atılan addımlar ölkə mediasını bu gün nəinki respublikamızda, bütün bölgədə aparıcı mövqeyə çıxarıb. İndi Azərbaycan jurnalistlərinin səsi bütün dünyadan gəlir".

PA-nın şöbə müdiri Azərbaycanın öz torpaqlarının bütövlüyü uğrunda mübarizə apardığını və dövlətimizin başqa bir ölkənin torpağında gözü olmadığını vurğulayıb: "Biz öz ərazilərimizin bütövlüyü uğrunda mübarizə aparırıq, heç kimin torpağında gözümüz yoxdur. Amma, eyni zamanda, tələb edirik ki, bizim də ərazi bütövlüyümüzə hörmətlə yanaşsınlar".

Əli Həsənov qardaş ölkələrimizin media qurumlarının bütün məsələlərdə müvəffəqiyyətlərini və problemlərini bölüşdürmək gücündə olduğunu ifadə edib. Artıq Azərbaycanın Türkiyənin gücünə güc qatacaq səviyyədə inkişaf etdiyini vurğulayıb: "Bu gün Azərbaycan dünyada Türkiyənin gücünə güc qataraq vahid maraqlar uğrunda bir birlik formalaşdırıb. Bu birlik heç kimin maraqlarını təhdid etmir, heç bir xalqa, dövlətə, dinə və etnik struktura qarşı yönəlməyib. Biz öz varlığımızı qoruyuruq və istəyirik ki, dünyada da bizim dinimizə, dilimizə, mədəniyyətimizə, maddi-mənəvi dəyərlərimizə hörmətlə yanaşsınlar. Biz öz ərazilərimizin bütövlüyü uğrunda mübarizə aparırıq, heç kimin torpağında gözümüz yoxdur. Amma, eyni zamanda, tələb edirik ki, bizim də ərazi bütövlüyümüzə hörmətlə yanaşsınlar. Dünya birliyi bizə nə qədər lazımdırsa, biz də dünya birliyinə o qədər lazımıq. Azərbaycan və Türkiyə qarşılıqlı şəkildə dünyaya verdiklərinin qarşılığını istəyir".

Artıq Azərbaycan və Türkiyə jurnalistlərinin dövlətlərimizin iradəsinin təmsilçiləri olduğunu qeyd edən Əli Həsənov Qərb ölkələrinin Ermənistanla Türkiyə arasında sərhədlərin açılması kompaniyasında jurnalistlərin yekdillik nümayiş etdirdiyini deyib: "Baxın, ABŞ kimi bir dövlət bütün avropalı müttəfiqlərini səfərbər edərək, Azərbaycanın işğal olunmuş əraziləri və ondan irəli gələn vəzifələri qulaqardına vuraraq, ikili standartlardan çıxış edərək, Türkiyə ilə Ermənistanın sərhədlərini açmaq istəyirdi. Bu sərhədlərin bağlanması səbəbini hamınız bilirsiniz. Türkiyə qardaş dövlət kimi Azərbaycan torpaqlarını işğal edən bir dövlətə sərhədini açmayacağını, onunla heç bir diplomatik, iqtisadi, siyasi, sosial münasibətlər yaratmayacağını, işğala son qoyulmayacağına qədər onunla heç bir münasibət qurmayacağını hələ 1993-cü ildə bəyan edib və sərhədləri bağlayıb. Bu siyasətin bu günə qədər də davam etməsi Türkiyə xalqının, dövlətinin iradəsidir. Bu xalqın və dövlətin iradəsinə təsir göstərməyə çalışan beynəlxalq qüvvələr bilməlidirlər ki, qarşılarında təkcə hakimiyyət strukturları deyil, - bəzən onlar hakimiyyət strukturlarını nəyəsə inandıra bilirlər, - xalqların, dövlətlərin və onların iradəsinin təmsilçiləri olan jurnalistləri görəcəklər. Biz qardaş ölkələrimizin media qurumları arasında əlaqələrin daha da möhkəmlənməsini istəyirik. Əminəm ki, hər iki ölkənin jurnalistləri indiyədək olduğu kimi, bundan sonra da bütün səviyyələrdə öz güclərini birləşdirəcəklər".

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Hamit Karadeniz çıxışı zamanı iki qardaş ölkə arasında insan faktorunu inkişaf etdirmək üçün rol oynayan əsas vasitələrdən birinin media olduğunu deyib: "Xəbər hazırlanarkən onun dəqiqliyi, dürüstlüyü və gerçəkliyinə diqqət yetirilməlidir. İnsanlara doğru məlumatı çatdırmaq bizim vəzifəmizdir. Ulu Öndərin dediyi kimi biz iki dövlət bir millətik. Buna görə də, bizim eyni kökdən gələn keçmişimiz var. Bu keçmişi və dəyərlərimizi qorumaq bu gün əsas məsələdir. Sadəcə media sahəsində deyil, digər sahələrdə də əlaqələrimiz inkişaf etdirməyin vacibliyini vurğulamaq istəyirəm".

TİKA-nın Bakı kordinatoru Mustafa Haşim Polat media sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb: "Azərbaycanda TAMEP çərçivəsində 3-cü layihənin həyata keçirilməsi üçün burdayıq. Bundan öncəki layihəmizdə Azərbaycandan Türkiyəyə, Anadolu Ajanslığının baş ofisinə seminar üçün jurnalistlər göndərilib. İkinci tədbirimiz Antalyada TRT ilə birlikdə keçirilən seminar olub. Layihədə 30-a yaxın jurnalist iştirak edib. Bu isə bizim artıq sayca üçüncü layihəmizdir".

TRT-nin icraçı direktoru Şenol Göka Azərbaycan və Türkiyənin tarixi əlaqələrindən danışıb. Yeni medianın günümüzdə geniş istifadə olunduğunu vurğulayıb: ""Bir millət iki dövlət" ifadəsini ulu öndər Heydər Əliyev demişdir. Azərbaycana yönəlik tarixdə özümüzdən daha öndə olan baxışımız var. Azərbaycanın başı ağrısa biz xəstə olarıq. Bunu sizə açıqlamaq istəyirəm ki, Azərbaycanın üzərində həmişə Türkiyənin nəzəri olub. Yeni media ilə əlaqədar isə onu deyə bilərəm ki, yeni media artıq daha qabağa çıxaraq, ənənəvi medianı geridə qoyub. Lakin hələ ki, araşdırmalar zamanı, yeni mediadan istifadənin faizi ənənəvi media qarşısında azdır. İnternet mediasından istifadəsinin uzun müddət təhlükəsiz olacağı görülür. Yeni medianın təməl daşları bir müddət sonra yerinə oturacaq. Biz bunu araşdırmalarımızda da görməkdəyik. Bu layihədən dolayı cənab Əli Həsənova və TİKA-ya təşəkkür edirəm. Bizi bir yerə gətirərək fikirlərimizi deməyimizə şərait yaradır. Bu yaxınlarda da Türkiyədə keçirilən media sahəsindəki seminarda Azərbaycanlı jurnalistlərin aktiv şəkildə iştirakını gördük. Bu əlaqələrimiz gələcəkdə də davam etdiriləcək.

Bundan sonra isə Azərbaycanın yerli kütləvi informasiya vasitələrinin rəhbərləri çıxış edib. "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Azərbaycan və Türkiyə Mediasının Qlobal Dəğişkən Mühitində: Ortaq Dəyərlər və Perspektiv Məsuliyyətlər" mövzusunda çıxış edib. O, Azərbaycanla Türkiyə mediasının ortaq dəyərləri haqqında danışıb.

Tədbirin sonunda Türkiyə və Azərbaycan jurnalistlərinə müraciət ünvanlanıb.

Müraciətdə bildirilir ki, Türkiyə və Azərbaycan jurnalistləri arasındakı münasibətlərin sistemli əsası 2007-2009-cu illərdə Bakıda keçirilmiş "Türkiyə və Azərbaycan mediası: bənzərliklər və fərqliliklər" mövzusundakı konfranslarda qoyulub: "Qarşılıqlı əməkdaşlığın məntiqi nəticəsi olaraq bütövlükdə türk dünyasının media quruluşları baxımından önəmli missiyanın gerçəkləşdirilməsi baş verdi - mərkəzi Ankara olmaqla Türkdilli Ölkələrin və Toplumların Media Birliyi formalaşdı. Mövcud şəraitdə ortaq mənafelərimizə qarşı yönələn təhdidlərdən qorunmaq, proqnozlaşdırılan təhlükələrə qarşı müqaviməti gücləndirmək, həmçinin hər iki ölkə ilə bağlı reallıqları dünya ictimaiyyətinə daha çevik və obyektiv şəkildə çatdırımaq həyati əhəmiyyətli məsələlərdir. Bu xüsusda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinin təbliğinə, qondarma "erməni soyqırımı" ilə əlaqədar adekvat tədbirlərin görülməsinə ciddi ehtiyac duyulmaqdadır. 2014-cü il dekabr ayının 11-də keçirilmiş "Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid" mövzusundakı konfransın iştirakçıları hər iki vəzifənin icrasını önəmli hesab edir. "Gözlənilən aktivliyin heçə endirilməsi, beynəlxalq aləmə tarixi həqiqətlərlə bağlı konkret mesajların verilməsi müstəsna əhəmiyyət daşımaqdadır. İndiyədək formalaşmış təcrübə və informasiya mübadiləsi prosesini bir qədər də dərinləşdirmək, ortaq prinsiplərin təbliğinə daha çox yer ayırmaq, hər iki ölkə jurnalistlərinin qarşılıqlı əlaqələrini daha da intensivləşdirmək lazımdır. Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid" mövzusundakı konfransın iştirakçıları olaraq bizlər Türkiyə və Azərbaycan jurnalistlərini qardaşlıq prinsiplərindən irəli gələn taleyüklü məsələlərin işıqlandırılmasına münasibətdə həssaslığı artırmağa çağırırıq. İnanırıq ki, onların xalqlarımızın mənafe yaxınlığından, dostluq və qardaşlıq dəyərlərindən irəli gələn məsələlərə münasibətdə ortaya qoyacaqları vahid mövqe bütövlükdə türk dünyasının tərəqqisi baxımından əhəmiyyətli rol oynayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə