Türkiyə və Azərbaycan mediası bir araya gəldi VİDEO

Türkiyə və Azərbaycan mediası bir araya gəldi VİDEO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Türkiyə TİKA (Türk İşadamları Kalkınma Ajanslığı) və Mətbuat Şurasının dəstəyi ilə "Türkiyə və Azərbaycan Mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid" mövzusunda layihənin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, TİKA Bakı nümayəndəsi Mustafa Haşim Polat, TRT–nin icraçı direktoru Şenol Göka, Anadolu Agentliyinin icraçı direktoru Əbubəkir Şahin, Türkiyə və Azərbaycandan digər kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edib.

Ümumilli Lider Heydər Əliyevin bir dəqiqəlik sükutla anımından sonra tədbir açıq elan edilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək, Türkiyə ilə Azərbaycan arasında media sahəsində keçirilən layihələrdən danışıb. Ümumilli lider tərəfindən iki ölkə arasında təməli qoyulan sıx əlaqələrin inkişaf yoluna nəzər salıb.

Daha sonra Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib. O, Azərbaycanla Türkiyə arasında hər zaman sıx dostluq və qardaşlıq münasibətlərinin olduğunu, artıq azərbaycanlı iş adamlarının Türkiyə üçün yatırım etdiklərini vurğulayıb: "Dövlətlərimiz bir yerdədirsə, diasporalarımız eyni hədəf uğrunda çalışırsa, diplomatlarımız mütəmadi olaraq qarşılıqlı hərəkət edirsə və məsləhətləşmə edirlərsə bu xüsusi qeyd olunmalıdır. Ölkə başçılarımız bütün məsələlərdə hər iki ölkənin mənafeyi uğrunda çıxış edib və birbirinə dəstək veriblər".

Bundan sonra isə, Türkiyə və Azərbaycanın KİV rəhbərlərinin çıxışı dinlənilib. Tədbirin sonunda Türkiyə və Azərbaycan jurnalistlərinə müraciət ünvanlanıb. Müraciətdə xalqlarımızın mənafe yaxınlığından, dostluq və qardaşlıq dəyərlərindən irəli gələn məsələlərə münasibətdə ortaya qoyacaqları vahid mövqenin bütövlükdə türk dünyasının tərəqqisi baxımından əhəmiyyətli rol oynayacağı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə