Yeni şəxsiyyət vəsiqələrinin özəl üstünlüyü

Onunla xaricə getmək mümkün olacaq
Yeni şəxsiyyət vəsiqələrinin özəl üstünlüyü

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) yeni nəsil şəxsiyyət vəsiqələrinin üstünlüklərini açıqlayıb. Nazirlik xəbər verir ki, yeni vəsiqələr təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Nəticədə bu vəsiqə sayəsində vəsiqə sahiblərinin kimliyi daha dəqiq tanınacaq.

Yeni nəsil şəxsiyyət vəsiqələri həm də "elektron imza" kartı olacaq. Nəticədə bu vəsiqə ilə elektron sənədləri də imzalamaq olacaq.
Ən maraqlı yeniliklərdən biri odur ki, yeni şəxsiyyət vəsiqələri ilə Azərbaycandan xaricə gedib-gəlmək imkanı yaradılacaq. Dövlət başçısının sərəncamında DİN-ə və DSX-ə tapşırılıb ki, DSX-nin nəzarət-buraxılış məntəqələrinin proqram-texniki təminatı buna uyğunlaşdırılsın.

Nazirliyin məlumatında bildirilir ki, yeni şəxsiyət vəsiqələrinin yaradılması elektron xidmətlərin keyfiyyətinin yüksəlməsini, xidmətlərə çəkilən dövlət xərclərinin azalmasını, yeni elektron xidmət növlərinin yaranmasını, bürokratik əngəllərin aradan qaldırılmasını, nağdsız hesablaşmaların artmasını təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə