Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Tamar Beruçaşvilinin növbəti üçtərəfli görüşü keçirilib. Görüşdə hər üç ölkənin həyata keçirdiyi və müxtəlif sahələri əhatə edən layihələr, o cümlədən Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri, regional əməkdaşlıq, ikitərəfli münasibətlər və digər maraq doğuran məsələlər müzakirə olunub.
Qars Bəyannaməsinin imzalanması ilə başa çatan görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər.
Gəncə Bəyannaməsinin qarşıya qoyduğu vəzifələrin icrasını yüksək dəyərləndirən nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin dünyada sülhə və inkişafa qarşı yönəlmiş təhdid olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Ermənistanın bu siyasəti beynəlxalq hüquq normalarına ziddir.
Dünyadakı bütün münaqişələrin insanlığa qarşı törədilən cinayət olduğunu diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu Türkiyənin ölkələr və xalqlar arasında sülh yaratmaq cəhdlərini bundan sonra da davam etdirəcəyini söyləyib. Bildirib ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyincə regiondakı layihələrdən kənarda qalacaq.
Tərəflərin beynəlxalq təşkilatlarda və regiondakı layihələrdə iştirakının böyük əhəmiyyət daşıdığını qeyd edən nazir Tamar Beruçaşvili bildirib ki, üçtərəfli münasibətlər bundan sonra da xalqlarımızın və ölkələrimizin maraqlarını təmin edəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi- Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP layihələrinin əhəmiyyətindən danışan nazirlər əminliklə bildiriblər ki, bu layihələr Avropa və Asiyada yeni iqtisadi layihələrin həyata vəsiqə qazanmasına təkan verəcək. Qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyünün tanınmasına dəstək verdiklərini diqqətə çatdıran tərəflər bildiriblər ki, bu sahədə əməkdaşlıq beynəlxalq hüquq normalarına əsaslanır.
AzərTAc-ın xüsusi müxbirinin sualına cavabında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: "Biz Ermənistanın regional layihələrdə iştirakının tərəfdarıyıq. Lakin bunun üçün Ermənistan beynəlxalq təşkilatların qərarlarını nəzərə alaraq işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, əsasız iddialarına son qoymalıdır".
Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili bildirib ki, tərəflər ərazi bütövlüyünü, insan haqlarının qorunmasını dəstəkləyir. Ölkələr regional iqtisadi layihələrdə o zaman iştirak edə bilər ki, ilk növbədə qonşu dövlətin ərazi bütövlüyünü tanısın, bütün zorakı vasitələrdən imtina etsin.
Xatırladaq ki, nazirlərin üçtərəfli formatda ilk görüşü Trabzonda, ikincisi Batumidə, üçüncüsü isə Gəncədə olub.
Sabir Şahtaxtı, AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB