Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan gənclərinin təhsilinə olan diqqət və qayğısının nəticəsidir ki, artıq dünyanın, o cümlədən Avropanın bir çox aparıcı dövlətldərinin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrin sayı durmadan artır. Gənclərimiz təhsillə yanaşı burada gedən proseslərlə yaxından tanış olur, təhsil aldıqları müəssisələrdə ölkəmizi tanıtmaq və təbliğ etmək, onun barəsində məlumatların digər ölkələrdən olan gənclərə düzgün çatdırılmasında fəallıq göstərirlər.
Fəal təşkilatlardan biri də Böyük Britaniyanın paytaxtı London şəhərindəki "Royal Holloway" Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətidir. Cəmiyyət üzvlərinin təşkilatçılığı ilə universitetdə Azərbaycanı tanıtmaq məqsədi ilə "Azərbaycan gecəsi" keçirilib. Gecədə universitetdə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı Türkiyə Respublikası, Rusiya Federasiyası və qazaxstanlı tələbələr də iştirak edib.
Tədbirdə çıxış edən "Royal Holloway" Universitetinin tələbəsi İlkin Əsgərli Azərbaycanın tarixi, qədim və zəngin mədəniyəti barədə geniş məlumat verərək, ölkəmizin qazandığı uğurlardan, ölkədə həyata keçirilən yeni layihələr və abadlıq-quruculuq işlərindən danışıb. Xüsusilə vurğulanıb ki, gələn il ilk dəfə olaraq Avropa Oyunlarının məhz ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasının əyani sübutudur və bu beynəlxalq idman bayramına hazırlıqla bağlı böyük işlər həyata keçirilir.
Görüşdə universitetin tələbələri Baba Həmidov, Sura Abdullayeva, Elnarə Hacıyeva, Azərbaycan Cəmiyyətinin sədri Azər Məcidli öz çıxışlarında Azərbaycanın tarixi, onun əzəli torpağı Dağlıq Qarabağ əraziləri, mənfur qonşularımız olan ermənilər tərəfindən 20%-ə yaxın torpaqlarımızın işğal olunması, bu işğal nəticəsində milyondan artıq soydaşımızın qaçqın düşməsi, işğal altında olan torpaqlarda mədəni abidələrin məhv olunması, bu gün ölkə başçısı tərəfindən həmin ərazilərin azad olunması istiqamətində görülən işlərdən danışıblar.
Almaniyadan gəlmiş gənc müəllim Avropadakı Azərbaycan diasporunun fəallarından olan Rza Kərimov, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin III katibi Ayaz Mustafayev görüş iştirakçıları qarşısında çıxış edərək diasporumuzun fəaliyyəti, görülən işlər və gələcək planlar barədə məlumat verib. Tədbir universitetin tələbəsi Anar Ağayevin ifasında Müslüm Maqomayevin "Azərbaycan" mahnısının ifası ilə yekunlaşıb.
Sonda Azərbaycanlı tələbələr öz xarici dostlarını milli şirniyyat süfrəsinə dəvət ediblər.
Ü.ƏSGƏROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB