Müstəqil Azərbaycan adlı əzəmətli abidəni ucaldan dahi memar HEYDƏR ƏLİYEV
Azərbaycan xalqının Ulu Öndəri, dahi şəxsiyyəti Heydər Əliyevin əbədiyyətə qovuşmasından 11 il ötür. Lakin ötən bu dövr ərzində xalqımızın Ümummilli Liderinin bizə qoyduğu miras da əbədi olaraq möjkəm təmələ söykənib. Bu, Azərbaycanın müstəqilliyidir! Brlə ki, Azərbaycanın, xalqımızın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən bizim hər birimiz birmənalı şəkildə dərk edirik ki, bu inkişaf ilk növbədə mütərəqqi siyasətin bariz nəticəsidir. Çünki Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir. Heydər Əliyev iradəsi, Heydər Əliyev qətiyyəti, Heydər Əliyev atalığı özündə bütün bu faktorları ehtiva etməkdədir. Bu baxımdan, keçmişə nəzər salarkən və Heydər Əliyevin hələ respublikamız keçmiş Sovet İttifaqının tərkibində olduğu zaman Azərbaycan üçün gördüyü işləri qiymətləndirərkən bu Dühanın Ruhu qarşısında baş əyməyə bilmirsən.
Öz tarixini yaxşı bilən hər bir vətəndaş daha bir amili də dəyərləndirir ki, Heydər Əliyev Şəxsiyyəti Azərbaycanın müstəqilliyi barədə hələ Sovetlər dönəmində düşünürdü. Bu, onun uzaqgörənliyinin nəticəsi idi. Belə ki, Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi 15 ilə yaxın dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olmuş, adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə sovet respublikaları arasında ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir respublikaya çevirməyə nail olmuşdu. Hətta Azərbaycan bütün bunlarla yanaşı, SSRİ respublikaları arasında beynəlxalq məkana belə çevrilmişdi. Bu, əlbəttə ki, böyük Dühanın, Fenomenin öz xalqı, dövləti üçün atdığı çox əhəmiyyətli addımlarının başlanğıc nöqtəsi idi. Dahi Şəxsiyyət Heydər Əliyev məhz həmin dövrlərdə Azərbaycanın müstəqilliyini görür, öz uzaqgörən siyasətini müəyyənləşdirirdi. Eyni zamanda, Heydər Əliyev eyni onu da çox gözəl bilirdi ki, respublikanın inkişafı ilk növbədə onun iqtisadi qüdrətini artıran enerji təminatının yaxşılaşdırılmasından, sənaye potensialının yaradılmasından, elm və mədəniyyətinin, ən başlıcası, insan potensialının inkişaf etdirilməsindən asılıdır. İttifaq rəhbərliyinin göstərdiyi maneələrə baxmayaraq o, iradəsindən dönmür, bütün vasitələrlə bu maneələri aradan qaldırmağa çalışır və bunu bacarırdı.
Artıq, bu gün hazırda Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyası ətrafında gedən müzakirələr, bu konsepsiyada müəyyən olunacaq əsas hədəflər də Heydər Əliyev ideyalarından güc alır. Ulu Öndərin Prezident İlham Əliyev cənabları tərəfindən müasir reallıqlara, mövcudluqlara söykənməklə daha da zənginləşdirilən təhtəlşüur ideyaları, Onun strategiyası, Onun arzuları artıq həqiqətə çevrilmişdir. Ümummilli Liderimizin ölməz ideyaları təkcə bununla deyil, eyni zamanda, bütövlükdə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır. Vaxtilə onun cəsarət və uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın indiki inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi.
Heydər Əliyev Azərbaycanın 1993-cü ildən sonra əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, bu dövrdə cəmiyyətdə aparılmış islahatların məqsədini və mahiyyətini belə izah edirdi: "Bizim əsas məqsədimiz ondan ibarət olubdur ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirək və inkişaf etdirək. Biz bunu etmişik və artıq Azərbaycanda dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir". Digər tərəfdən, Ulu Öndər Heydər Əliyev həm də onu çox gözəl bilirdi ki, yeni, müasir Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, keçmiş sosializm sistemi münasibətlərinin yeni münasibətlərlə əvəz edilməsi, müasir dünyanın tələbləri ilə ayaqlaşa bilən bir dövlətin qurulması bütün sahələrdə dərin islahatların aparılmasından, insanların şüurunu tədricən dəyişməkdən asılıdır. Odur ki, ölkənin müharibə şəraitində olmasına baxmayaraq böyük risk və qətiyyətlə həmin islahatların konsepsiyasını hazırlayıb ardıcıl həyata keçirirdi. Onların müsbət nəticələri barədə isə xalq qarşısında belə hesabat verirdi: "Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda yeni bir sistem yaranıbdır. Dünya standartlarına yaxınlaşan, dünya standartlarına çatmağa çalışan hüquqi, demokratik, dünyəvi dövlət yaranıbdır. Budur bizim nailiyyətimiz... Bu, bütün sahələrdə özünü göstərir. Bizim Konstitusiyamız, qəbul etdiyimiz qanunlar, onların icrası, cəmiyyətə bütün sahələrdə verilən azadlıq, sərbəstlik - bunlar hamısı bizim dövlətçilik anlayışımızın tərkib hissələridir".
Heydər Əliyev fenomeninin əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o, başladığı işlərin nəticəsini əvvəlcədən görür və hesablaya bilirdi. Buna görə də cəsarətlə elan edirdi ki, Azərbaycan müstəqilliyini elan edəndən sonra bəyan etdiyi demokratiya, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat, dünya birliyinə, dünya iqtisadiyyatına inteqrasiya prinsiplərini həyata keçirməyə başlamış, həm də böyük nailiyyətlər əldə etmişdir və elə yola çıxmışdır ki, artıq bundan sonra daha da sürətlə irəliləyəcəkdir. Beləliklə, uzaqgörən siyasətçi kimi özünü hələ sovet dövründə təsdiq etmiş Heydər Əliyev yeni dövrün, yeni tarixi şəraitin xüsusiyyətlərini nəzərə alaraq Azərbaycanın inkişaf yolundan danışarkən vurğulayırdı: "Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır: bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır. Zaman bizdən asılı deyildir. Ancaq iradə, inam özümüzdən asılıdır. Hamı bilməlidir ki, Azərbaycan dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var".
Bəli, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev cəmiyyətimizi saflaşdırmış, gələcək nəsillər üçün sivil dəyərlərə əsaslanan, milli-mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoymuşdur. Əbəs yerə deyil ki, O, gənclər siyasətinin əsasını qoyarkən, gənclik faktorunun nə qədər önəmli olması haqqında dəyərli kəlamlarını ifadə etmişdi. Vaxtilə gənclərlə keçirdiyi görüşlərdə dəfələrlə qeyd etmişdi ki: "Bizim gələcəyimiz gənclərdir... Biz bugünkü gənclərə çox yüksək amallara, mənəvi keyfiyyətlərə, yüksək iqtisadi potensiala malik olan dövlət, ölkə əmanət edəcəyik".
Çünki Heydər Əliyev çox gözəl bilirdi ki, Azərbaycanın bir dövlət kimi daim yaşaması, müstəqilliyini qoruyub saxlaması, regionda mövcud olan gərgin siyasi şəraitdə ona dünyanın böyük gücləri tərəfindən göstərilən təzyiqlərə davam gətirməsi, ölkənin zəngin təbii sərvətlərinin qorunması və bu sərvətlərdən Azərbaycan xalqının rifahı naminə istifadə edilməsi üçün güclü və demokratik dövlət, bu dövlətin möhkəm hüquqi bazası, dinamik inkişafına təkan verən iqtisadi sistemi və tarazlı beynəlxalq siyasəti olmalıdır. Buna görə də öz çıxışlarında dönə-dönə qeyd edirdi: "Bu gün Azərbaycana güclü dövlətçilik lazımdır. Əgər Azərbaycanda güclü dövlətçilik olmasa, ölkəmizin həm içindən, həm də kənarından Azərbaycanı dağıdacaqlar. Bunu bilməlisiniz".
Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə Ulu Öndər Heydər Əliyevin ən layiq davamçısı, Onun ideyasını yaşadaraq inkişaf etdirən Prezident İlham Əliyev cənabları tərəfindən yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən kataklizmlər nəzərə alınmaqla yeni təfəkkürlərlə zənginləşdirilmiş və böyük bacarıqla tətbiq edilmişdir. Prezident İlham Əliyev bu müdrik İnsanın ideyalarını rəhbər tutaraq ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan iqtisadiyyatını dəfələrlə artıra bilmiş, Azərbaycanı dayanıqlı və sabit inkişaf edən, öz çoxşaxəli iqtisadiyyatını yaratmış, vaxtilə xarici investisiyalardan asılı olduğu halda, indi xaricdə investisiya qoymaq imkanı olan bir ölkəyə çevirmiş, Azərbaycanda ən müasir texnologiyaları tətbiq etməklə ölkənin gələcək inkişafını sürətləndirən çox böyük potensial yaratmışdır.
Beləliklə, bizlər Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edərkən, məhz bu kontekstlərdən yararlanır, ötən şərəfli tariximizi təhlil edirik. Çünki bu şərəfli tarix məhz bu gün də davam etməkdədir. Keçdiyimiz qısa tarixi dövr də sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir. Bu gün Ulu Öndərimizin müqəddəs ideyaları, uğrunda canından belə keçməyə hazır olduğu xalqının qəlbində əbədi olaraq yaşadılmaqdadır. Vətənini, dövlətini sevən hər bi azrəbycanlı ürəyində Heydər Əliyev sevgisini fəxrlə, qürurla gəzdirir. Çünki Heydər Əliyev sevgisi Azərbaycanı sevmək, Vətəni sevmək deməkdir. Bu sevgi ölməz və dönməzliyi ilə yaşamaqda, qəlblərimizdə yaşadılmaqda qürurla, fərəhlə, əbədi olaraq davam etməkdədir.
ZƏRİFƏ QULİYEVA, YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB