Vüqar Bayramov: “Nazirlik mikro vəsaitlərin verilməsi məsələlərini müzakirə edir” Açıqlama

Vüqar Bayramov: “Nazirlik mikro vəsaitlərin verilməsi məsələlərini müzakirə edir” Açıqlama

"Son 1 ildə sosial yardımların verilməsində ciddi işlər görülüb. Şəffaflığın gücləndirilməsi və ünvanlı sosial yardımların verilməsi ilə bağlı meyarların sadələşdirilməsi daha şəffaf şəkildə özünü göstərir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanda ünvanlı sosial yardımların verilməsində yeni prosedurlar tətbiq edilir. Bu da sosial yardıma ehtiyacı olan vətəndaşların proqramdan daha asan istifadə edə bilməsinə gətirib çıxaracaq: "Eyni zamanda ünvanlı sosial yardım proqramı Azərbaycanda əhalinin gəlirlərinin artmasına uyğun olaraq, bütövlükdə yardım məbləğinin yüksəlməsində özünü göstərməkdədir. Məbləğin artırılması və vətəndaşlara ünvanlı sosial yardımlar çərçivəsində daha çox yardımın təqdim olunması imkan verir ki, ünvanlı sosial yardıma ehtiyacı olan vətəndaşlar daha çox bu yardımdan istifadə edə bilsinlər. Eyni zamanda bu gün bu yardımlar onlara sosial vəziyyətlərini yaxşılaşdırmaq üçün verilir. Eləcə də, ünvanlı sosial yardımla bağlı müraciətlərin azaldılması nəzərdə tutulub. Belə ki, ünvanlı sosial yardım almaq üçün hər il vətəndaş sənədlər təqdim etməyəcək. Artıq iki ildən bir təqdim ediləcək. Faktiki olaraq bu ona gətirib çıxaracaq ki, bürokratik əngəllər aradan qaldırılacaq. Vətəndaş hər hansı bir bürokrata müraciət etmədən çox asanlıqla ünvanlı sosial yardıma müraciət edəcək və sosial yardımla təmin ediləcək. Ünvanlı sosial yardımı alan və alacaq şəxslərin gəlirlərinin qiymətləndirilməsi üçün yeni mexanizmlər tətbiq ediləcək. Bununla da daha çox ünvanlı sosial yardıma ehtiyacı olan vətəndaşlar yararlana biləcək".

Ekspert bildirib ki, ünvanlı sosial yardımla birlikdə, aztəminatlı ailələrə mikro qrantların verilməsi də həyata keçiriləcək. Bununla da sosial yardıma ehtiyacı olan vətəndaşlar həm də, kiçik sahibkarlıqla məşğul ola biləcəklər: "Artıq Sosial Müdafiə Nazirliyi ünvanlı sosial yardım alan vətəndaşlara mikro vəsaitlərin verilməsi məsələlərini müzakirə edir. Bu o deməkdir ki, ünvanlı sosial yardımla yanaşı, vətəndaşlar müəyyən məbləğdə mikro qrantlar əldə edərək sahibkarlıqla məşğul ola bilsin. Çünki, sosial yardım birbaşa vətəndaşın ehtiyacını qarşılamaq üçündürsə, sözügedən yeni sistem imkan verəcək ki, nisbətən aztəminatlı vətəndaşlar artıq həmin qrantlarla sahibkarlıqla məşğul ola bilsinlər. Bu da onların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət göstərəcək. Tətbiq edilən yeniliklər birmənalı şəkildə ünvanlı sosial yardımda şəffaflığın artırılması və vətəndaşların bu proqrama əlçatanlığının gücləndirilməsi üçün edilir. Eyni zamanda bürokratik əngəllərin aradan qaldırılması, vətəndaşlar üçün daha şəffaf prosedurların tətbiqi ilə sosial yardımların verilməsini təmin etmiş olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə