Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şəki Regional Mərkəzi əlilliyi olan şəxslərin hüquqları ilə bağlı hüquqi maarifləndirmə tədbiri keçirib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Respublikanın müxtəlif bölgələrini təmsil edən gənclərin təhsil aldığı Şəki Pedaqoji Kollecində təşkil edilmiş tədbirdə çıxış edən regional mərkəzin rəhbəri Pərviz Məmmədov BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasında, habelə müvafiq beynəlxalq və milli qanunvericilik aktlarında təsbit olunmuş mühüm müddəaları diqqətə çatdırıb.
O, Ombudsmanın insan hüquqlarının ayrılmaz tərkib hissəsini təşkil edən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində dövlət qurumları, QHT, vətəndaş cəmiyyəti ilə birgə fəaliyyət göstərdiyini, əlillərin problemlərini diqqət mərkəzində saxladığını bildirib. Regional mərkəzin rəhbəri ölkəmizdə müvafiq milli qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və Müvəkkilin bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verib.
BMT-nin Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilən "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın və onun Fakültativ Protokolunun ratifikasiyası ilə bağlı Müvəkkilin təklif irəli sürdüyü, nəticədə ölkəmizin 2008-ci ildə adı çəkilən müqaviləyə qoşulduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, adı çəkilən Konvensiyanın 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyasının da həyata keçirilməsi Ombudsmana həvalə olunub və bu istiqamətdə tədbirlər görülməkdədir.
Müvəkkilin əlilliyi olan şəxslərin hüquqları sahəsində fəaliyyəti tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbir canlı diskussiya və fikir mübadiləsi şəraitində başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB