Yol polisi Bakıda genişmiqyaslı reyd keçirib

Yol polisi Bakıda genişmiqyaslı reyd keçirib

Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşları dekabrın 6-dan 7-na keçən gecə paytaxt Bakıda genişmiqyaslı reyd keçirib. SİA-nın verdiyi məlumata görə, reyd zamanı sərxoş, həmçinin digər qaydaları pozan sürücülər polisin hədəfində olub.

Gecə saatları yenə də ənənəvi sürücü-polis qarşıdurmaları ilə yadda qalıb. Polisə tabe olmaq istəməyən bəzi sürücülər hadisə yerindən qaçmağa da cəhd göstərib. Spirtli içki qəbul etmiş sürücülər isə hətta polislə əlbəyaxa olmaqdan belə çəkinməyiblər.

Reyd zamanı avtomobili sənədsiz idarə edən sürücülər də olub. Bir neçə saat davam edən reyd zamanı onlarla sürücü barəsində protokol tərtib olunub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun SİA-ya verdiyi məlumata görə bu cür reydlər mütəmadi olaraq keçiriləcək: "Sərnişinlərin mənzil başına rahat, vaxtlı vaxtında çata bilməsi üçün Dövlət Yol Polisinin əməkdaşları daim bu yöndə reydlər keçirəcək. Polisə tabe olmayan və ona xəsarət yetirən hər bir sürücü məsuliyyətə cəlb olunacaq. Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında məsuliyyətli olmağı bacarmalıdır".

Eltun

Bütün xəbərlər Facebook səhifəmizdə