Bahar Muradova: “Problemin öhdəsindən gəlmək üçün dövlətin səyləri kifayət deyil”
"Dünyanın bir çox bölgələrində münaqişələr ölkələrə nəinki fəlakət, dağıntı, xaos, insan itkisi gətirir, eləcə də narkomaniya kimi bəlaların daha geniş yayılmasına şərait yaradır. Təsadüfi deyil ki, Əfqanıstanda və bu ölkənin vəziyyətində olan digər dövlətlərdə demokratiya adı altında aparılan işlər, yerinə yetirilən "layihələr" bu ölkələrə demokratiyanın əksinə olaraq insanları daha dəhşətli bəlalarla hədələyir. Bu bəlalardan biri də əlbəttə ki, narkotik vasitələrin istifadəsi, yetişdirilməsi və ölkələr arasında tranzitidir". SİA-nın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova Bakıda keçirilən "Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, narkomaniya sosial problem olmaqla yanaşı, həm də siyasi və iqtisadi problemdir: "Bu gün biz insan hüquqlarının qorunmasından danışırıqsa, narkomaniya ilə mübarizə qarşımızda duran əsas məsələlərdən biridir. Azərbaycan ötən əsrin 80-90-cı illərində münaqişəyə cəlb olunandan sonra bu problem ölkəmizdə də mövcud olmağa başladı. Lakin zamanında Ümummilli Lider Heydər Əliyevin atdığı çox ciddi addımlar, 1996-cı ildə verdiyi fərman və bu fərmana əsasən yaranan müvafiq dövlət komitəsi, 2000-ci ilə qədər olan dövr üçün qəbul olunmuş dövlət proqramı bu sahədə hüquqi mexanizmlərin və qanunverici bazanın möhkəmləndirilməsinə şərait yaratdı".
Sədr müavini qeyd edib ki, Azərbaycan Parlamenti də narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarını qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanun qəbul edib: "Bu qanun bütövlükdə narkomaniya ilə mübarizədə qanunvericiliyin əsas bazasını təşkil edir. Əlbəttə ki, bu problemin həll olunması üçün dövlət siyasəti vacib amildir. Lakin bu problemin öhdəsindən gəlmək üçün dövlətin səyləri kifayət deyil. Bu bəşəriyyətin problemi olduğundan, ölkələr daxilində müvafiq dövlət qurumları ilə birgə QHT şəbəkələri, səhiyyə ocaqları, təhsil sistemi, idman təşkilatları və bütövlükdə bütün cəmiyyət birgə fəaliyyət göstərməlidir. Qadınların və uşaqların narkomaniyaya düçar olması xüsusilə ürək ağrıdan bir məsələdir. Narkomaniya ailə dayaqlarının, həmçinin cəmiyyətin dayaqlarının sarsılmasına gətirib çıxarır. Ona görə də bu məsələlərdə ailələrin üzərinə böyük vəzifə düşür. Fərdlər özü də bu bəla ilə mübarizədə aktiv olmalıdır. Bilirik ki, narkomaniya bir xəstəlik kimi başlayır, sonradan cinayətə çevrilir. Ona görə də anında bu xəstəliyin qarşısını almaq üçün bütün səylərimizi birləşdirməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB