Gələcəyin alternativ enerji mənbələri

Gələcəyin alternativ enerji mənbələri

İqlim dəyişikliyi üzrə hökumətlərarası şuranın noyabrda dərc edilmiş son hesabatında parnik effekti yaradan qazların havaya atılmasının kəskin surətdə azaldılması məqsədi ilə təxirəsalınmaz tədbirlər görülməsinin vacibliyi vurğulanıb. SİA-nın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, bədbin proqnozlar fonunda alimlər və Fortune 500 reytinqli nəhəng kompaniyalar bu problemin həlli istiqamətində iş aparırlar. Bu işlərin bəziləri fantastik görünsə də, heç biri əlçatmaz deyil. Enerji sahəsinə böyük gələcək vəd edən innovasiyalar isə bunlardır:

Karbon qazının tutularaq ləğv olunması. Bu, energetikanın inkişafına təkan verəcək texnologiya olmasa da, havada zərərli qazın miqdarının azalmasına kömək edə bilər. Texnologiya kömürlə işləyən elektrik stansiyalarında karbon qazının yığılaraq yeraltı anbarlarda saxlanılmasına hesablanıb.

Yeni nəsil atom enerjisi. Kiçik anbarı xatırladan atom stansiyaları nəhəng meqapolislər əvəzinə, çox da iri olmayan rayonları elektrik enerjisi ilə təmin etmək üçün istifadə edilə bilər.

Nüvə sintezi. Əgər ekoloji təmiz elektrik mənbəyi varsa, o da nüvə sintezidir. Nüvə sintezi zamanı ətraf mühitə hiss ediləcək hər hansı bir zərər vurmadan çoxlu miqdarda enerji almaq olar. Düzdür, həmin texnologiyanın inkişafı üçün uzun müddət lazım gəlsə də, bu sahədə indidən aktiv tədqiqatlar aparılmaqdadır.

Dəniz küləyi. Belə hesab edilir ki, dəniz küləyindən istifadə texnologiyası yalnız 25 ildən sonra kütləvi şəkil alacaq. Belə ki, aeronavtikanın köməyi ilə dəniz küləyindən maksimum enerji almaq üçün aktiv surətdə texnoloji mənimsəmə gedir.

Geotermal enerji. Bəzi analitiklər yaxın on ildə geotermal enerjinin daha da inkişaf edəcəyi qənaətindədir. Belə ki, onlar alimlərin bu texnologiyanın rəqabətə davamlı mənimsəmə metodunu tapacaqlarına əmindirlər.

Kosmik texnologiyalar. Kosmik texnologiyalar energetika sahəsində hələ ki, elmi fantastika hesab edilir. Lakin NASA və U.S. Naval Research Lab 25 ildən sonra kommersiya istismarına buraxılması planlaşdırılan bu texnologiyanın inkişafına investisiya yatırır.

Günəş enerjisi. Günəş işığını, suyu və karbon qazını, məsələn, benzin kimi uzun müddətə qədər saxlanıla və istifadə edilə bilən kimyəvi enerjiyə çevirmək ideyası çoxdandır ki, alimlər üçün cəlbedici hədəf olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə