Şirvanda seçki prosesi ilə bağlı sessiya keçirilib FOTOLAR

Tədbir PA, MSK və AŞ-ın birgə təşkilatçılığı ilə baş tutub
Şirvanda seçki prosesi ilə bağlı sessiya keçirilib FOTOLAR

Bu gün Şirvan şəhərində "Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri" mövzusunda məlumat sessiyası keçirilib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Avropa Şurasının Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə keçirilən sessiyada 20 şəhər və rayon icra hakimiyyətlərinin başçıları və 31 dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov məruzə ilə çıxış edib. Bildirib ki, son 10 ildə ölkəmizdə seçki qanunvericiliyi daha da təkmilləşdirilərək 3 prezident, 2 parlament, 2 bələdiyyə seçkisi və 1 referendum beynəlxalq standartlara uyğun keçirilib. Artıq demək olar ki, ölkəmizdə bütün dairə seçki komissiyaları üçün hər cür lazımi şərait yaradılıb. Onlar müasir tələblərə cavab verən inzibati binalarla, bütün zəruri avadanlıqlarla təmin ediliblər. Bunun da sayəsində seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinə imkan yaranıb.

Sonra Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti ilə əlaqədar geniş məlumat verib. Qeyd edib ki, bugünkü tədbir Prezident Administrasiyası, MSK və Avropa Şurasının birgə layihəsi əsasında həyata keçirilir: "Məlum olduğu kimi, Avropa Şurası və Azərbaycanın 2014-2016-cı illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu gün keçirilən tədbirin də həmin Fəaliyyət Planına uyğun olmasının xüsusi əhəmiyyəti vardır".

MSK-nın təmsilçisi daha sonra bələdiyyə seçkiləri ilə əlaqədar görülən işlərdən danışıb. Qeyd edib ki, seçkilərdə 1607 bələdiyyə yeri üçün 37 min 107 nəfər namizəd qeydə alınıb. Ümumilikdə 1607 bələdiyyəyə 15 min 32 nəfər bələdiyyə üzvü seçilməlidir. Bələdiyyə seçkilərinə 8 siyasi partiya qatılıb. Onlar namizədlərin 51,6 faizini təşkil edir. Seçkilərdə iştirak etmək istəyən vətəndaşların 59,5 faizi ali təhsillidir ki, bu da ötən seçkilərdən xeyli çoxdur. Keçən seçki ilə müqayisədə bu il keçiriləcək seçkilərdə namizədlərin sayının 7 min nəfər artması onu göstərir ki, insanların bələdiyyələrdə təmsil olunmağa maraqları xeyli artıb. Ümumilikdə bu il fərdi qaydada irəli sürülən namizədlər 23 min 78 nəfər, təşəbbüs qrupları tərəfindən 109 nəfər və siyasi partiyalar tərəfindən 13 min 920 namizəd qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının katibi bildirib ki, aparılan təhlil seçki komissiyalarının növbəti seçkilərə daha yaxşı hazırlaşdıqlarını deməyə əsas verir. 2009-cu ildə qeydiyyata alınan namizədlərdən MSK-ya daxil olan şikayətlərin sayı 60 ədəd olmuşdusa, bu il həmin rəqəm 15-ə enmişdir. Sonra söz iştirakçılara verilib. Onlar təmsil etdikləri şəhər və rayonlarda seçkilərə hazırlıqla bağlı məlumat verib, dekabrın 23-də bələdiyyə seçkilərinin mütəşəkkil keçirilməsi üçün görülən hazırlıq işlərindən danışıblar. Məlumat sessiyasında mövzu ilə bağlı maraqlı suallar ətrafında geniş müzakirələr aparılıb.

İqbal MİKAYILOV

Bütün xəbərlər Facebook səhifəmizdə