Ankarada Əflatun Nemətzadənin 70 illiyi qeyd edildi FOTOLAR

Ankarada Əflatun Nemətzadənin 70 illiyi qeyd edildi  FOTOLAR

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Azərbaycanın əməkdar incəsənət xadimi, professor Əflatun Nemətzadənin səhnə fəaliyyətinin 50-ci və anadan olmasının 70 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə Azərbaycan və Türkiyənin dövlət rəsmiləri, türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, Ankaradakı diplomatik korpus və beynəlxalq təşkilatların rəhbərlərinin, şəhər ictimaiyyətinin görkəmli nümayəndələri və sənətsevərlər iştirak ediblər.

Mərasim zamanı Türkiyə Respublikası parlamentinin sədri Cəmil Çiçək, Ankara şəhərinin qubernatoru Məhmət Qılınclar və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin təbrik məktubları oxunub.

Rəsmi açılışda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Ankaradakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Bağırov və Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov Əflatun Nemətzadənin zəngin həyat və yaradıcılığının əhəmiyyəti, əldə etdiyi nailiyyətlərə dair çıxış ediblər. Həmçinin, Ə.Nemətzadənin rejissorluq sahəsində əldə etdiyi nailiyyətləri türk xalqlarının mədəni irisinin inkişafına və zənginləşməsinə böyük bir töhfə olduğu və onun həmişə dünya şöhrətli sənətkarların əsərlərinə müraciət etdiyi vurğulanıb. Çıxışlarda Ə.Nemətzadənin Azərbaycanda və Türkiyədəki fəal ictimai fəaliyyətindən də söz açılıb.

Tədbirin təşkilatçılarına və iştirakçılara dərin ehtiramını ifadə edən Ə.Nemətzadə fəaliyyətinin yüksək qiymətləndirilməsini ümummilli lider Heydər Əliyev tərəfindən yaradıcı şəxslərin əməyinin yüksək qiymətləndirilməsi ilə bağlı Azərbaycanda yaradılan dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinə bariz nümunə olduğunu diqqətə çatdırmışdır.

Mərasimdə türkdilli ölkələrin mədəniyyət və incəsənət xadimləri tərəfindən geniş konsert proqramı təşkil olunmuş, dahi bəstəkar Üzeyir Hacıbəyli və görkəmli qazax bəstəkar Mukan Tölebayevin əsərlərinden nümunələr yer tapıb. Tədbir zamanı türk dünyası qarşısında səmərəli fəaliyyətinə görə Əflatun Nemətzadəyə TÜRKSOY-un yubiley medalı təqdim olunub.

Biz də "SƏS" Media Qrup olaraq dəyərli incəsənət xadimi Əflatun Nemətzadəni yaradıcılığının 50, anadan olmasının 70 illiyi münasibətilə təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə