Beynəlxalq Könüllülər Günü ilə bağlı kampaniya təşkil olunub

Beynəlxalq Könüllülər Günü ilə bağlı kampaniya təşkil olunub

Bu gün "Park Bulvar" AVM-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Avropa Oyunları Əməliyyat Komitəsi Könüllülər Departamentinin tərəfdaşlığı, "Park Bulvar" AVM-in təşkilati dəstəyi ilə "Könüllü ol! Paylaş, Faydalan və Dəstək ol!" şüarı altında kampaniya təşkil olunub. SİA-nın məlumatına görə, tədbir 5 dekabr - Beynəlxalq Könüllülər Gününə həsr olunub.

Kampaniyanın məqsədi gənclərin milli və beynəlxalq səviyyədə həyata keçirilən könüllülük proqramları haqqında məlumatlandırılması və könüllü fəaliyyətə cəlb olunmasına imkan yaratmaqdır.

Kampaniya çərçivəsində gənclərə üç istiqamət üzrə könüllülük haqqında məlumat verilib və Azərbaycanın aparıcı könüllülük proqramlarında iştirak imkanı yaradılıb.

ARGTMŞ və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan Azərbaycan Könüllülük Xidməti Proqramı vasitəsi ilə Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən "Gənclər Ev"lərində könüllü olmaq imkanı gənclər tərəfindən böyük maraqla qarşılanıb. Kampaniya zamanı gənclərə 2015-ci ilin 12-28 iyun tarixlərində Azərbaycanda Avropa qitəsi üçün ilk dəfə olaraq keçiriləcək "Bakı 2015 Avropa Oyunları"da könüllü olmaq üçün müraciət etmək imkanı yaradılıb. Tədbir könüllülüklə bağlı həyata keçirilən müxtəlif intellektual yarışmalarla davam edib. Kampaniya çərçivəsində gənclər həmçinin Avropa Könüllülük Xidməti üzrə akreditasiya setifikatına malik olan ARGTMŞ vasitəsi ilə Avropanın aparıcı ölkələrində könüllülük təcrübəsindən faydalanmaq üçün müraciət etmək imkanı əldə ediblər.

Kampaniya zamanı könüllülər tərəfindən musiqi və rəqs ifaları nümayiş olunub və könüllülüklə bağlı müxtəlif yarışmalar keçirilib. Fəallığı ilə seçilən gənclər təşkilatçılar tərəfindən hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edəki ki, 1985-ci ildən iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə