Bakıda “Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu” müzakirə edilir YENİLƏNİB

Bakıda “Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu” müzakirə edilir YENİLƏNİB

Bu gün Prezident Administrasiyası, Mətbuat Şurası və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu" mövzusunda tədbir keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı, media kapitanları, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, bir sıra KİV-lər bu ilin avqustunda ölkəmizdə baş verənlərlə bağlı, xüsusən də hərbi birləşmələrin yerdəyişməsi, canlı qüvvə və texnikanın sayını əks etdirən informasiyaları cəmiyyətə düzgün çatdıra və vəzifələrini layiqincə yerin yetirə bilməyiblər.

Onun sözlərinə görə, bütün bunlar haqlı olaraq narazılıq yaradıb və bu cür halların aradan qaldırılması istiqamətində müxtəlif tədbirlər keçirilib: "Bununla bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə müşavirə keçirilib. Sentyabrın 24-də Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Nazirlər Kabinetinə hərbi qanunvericiliklə bağlı dəyişikliklər etmək barədə göstəriş verilib. "Hərbi çağırış haqqında", "Dövlət sirri haqqında" qanunlara dəyişiklik gündəmə gəlib. Həmçinin jurnalistlərin cəbhə bölgələrində fəaliyyəti ilə bağlı akkreditasiya məsələsi də gündəmə gəldi".

Ə. Amaşov bildirib ki, jurnalistlərin peşəkarlığının artırılması üçün Mətbuat Şurası qarşısında vəzifə qoyulub: "Bizim işimiz KİV-də, sosial şəbəkələrdə yanlış informasiyaların yayılmamasına qarşı təbliğat-təşviqat aparmaqdan ibarətdir. Biz bunun üçün çalışmalı, bu istiqamətdə işləməliyik".

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxışında qeyd edib ki, Ermənistan mətbuatında Azərbaycanın demokratik vəziyyəti ilə bağlı reallıqlar təhrif olunmuş vəziyyətdə çatdırılır: "Xüsusilə avqustun əvvəllərində qoşunların təmas xəttində törətdiyi təxribatlar, ötən ay işğal olunmuş ərazilərdə Ermənistanın hərbi təlimlər keçirməsi və helikopterin vurulması göstərdi ki, erməni informasiya resursları cəbhə bölgəsində informasiya diversiyası həyata keçirirlər. Nəzərə almaq lazımdır ki, ermənilərin növbəti təxribatları istisna olunmur. Emənilər həm də qondarma soyqrımının yüz illiyi ilə bağlı Türkiyədə tədbirlər keçirməyə başlayıblar və bundan Azərbaycana qarşı da istifadə etməyə çalışacaqlar".

V. Əliyev çıxışı zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılığı ilə keçirilən müşavirəyə toxunaraq bildirib ki, müşavirədə mövcud vəziyyət təhlil edilib, çıxış yolları göstərilib: "Qeyd edildiyi ki, bəzi KİV-lər milli- maraqlara məhəl qoymadan, ermənilərin maraqlarına uyğun fəaliyyət göstərirlər. Müvafiq qurumların mətbuat xidmətlərinin fəaliyyətində çatışmazlıqlar var. Ölkə başçısı tərəfindən imzalanan sərəncamda dövlət sirri təşkil edən məlumatların KİV-də, sosial şəbəkələrdə yayılmasının qarşısını alan tədbirlər müəyyənləşdirilib. Artıq müvafiq qurumlar tədbirlər həyata keçirirlər. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi də müvafiq tədbirlər planı hazırlayıb və həyata keçirməkdədir. Avqustun əvvəlində baş verən hadisə ilə müqayisədə helikopter vurulan dövrdə mətbuatda bu məsələyə daha peşəkar yanaşıldı. Bildirildi ki, vertolyotun vurulması təxribata layiqli cavab olub. Ancaq bu problemlərin aradan qalxması anlamına gəlmir. Çox təəssüf ki, bəzi internet resursları məsələlərə hələ də peşəkar yanaşmır, informasiyanı dəqiqləşdirmir".

Azərbaycan KİV-nin kifayət qədər inkişaf etdiyini söyləyən Vüqar Əliyev vurğuılayıb ki, artıq xarici KİV-lər Azərbaycan medasına istinad edir: "Bütün bunlar Azərbaycan mediasının inkişafının bariz nümunəsidir. Mediamız informasiya axını arxasınca getməməli, gündəm yaratmağı bacarmalıdır. Biz bu aspektdən istifadə etməliyik. Bu gün Azərbaycan mediası nüfuzuna görə Ermənistan və Gürcüstan mediasını geridə qoyur. Hesab edirəm ki, jurnalistlər arasında ixtisaslaşma aparılmalıdır. Müvafiq qurumlar akkreditasiya aparmalıdır. Bu çox vacibdir. Xüsusən söhbət hərbi sahhədə yazan jurnalistlərdən gedir. Erməni mənbələrinin yaydığı dezinformasiyalar fakt kimi qəbul edilməməli, Müdafiə Nazirliyi və digər strukturlarla dəqiqləşdirilməlidir".

Daha sonra çıxış edən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, ötən dövr ərzində müdafiə naziri müvafiq əmr imzalayıb və Silahlı Qüvvələrin bütün birlik və birləşmələrinə göndərilib: "Əmrdə ilk növbədə KİV-lərlə iş barədə təlimat əksini tapıb. Artıq jurnalistlərin cəbhəboyu ərazilərə səfəri və akkreditasiyası ilə bağlı sənəd hazırlanıb və Nazirlər Kabinetinə göndərilib. Sənəddə akkreditasiya üçün müraciətin edilməsi, akkreditasiyanın ləğv edilməsi və digər məsələlər əksini tapıb. Dövlət sirrinin mühafizəsi ilə bağlı buklet hazırlanıb, Silahlı Qüvvələrin heyətinə, jurnalistlərə çatdırılması üçün Mətbuat Şurasına təqdim edilib".

V. Dərgahlı nəzərə çatdırıb ki, "Hərbi vəziyyət haqqında" qanunun yeni variantı Nazirlər Kabinetinə təqdim olunub: "Müdafiə Nazirliyi tərəfindən verilən məlumatların anlayışla qarşılanması hiss olunur. Məlumatların verilməzdən öncə birgə razılaşdırılması üçün media rəhbərləri ilə sıx təmasda oluruq. Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi ilə razılaşdırılmalı olan məlumatlar da olur. Ona görə də KİV-lərdən xahiş edirəm ki, məlumatların gecikdirilməsinə deyil, informasiyanın dəqiqliyini diqqət yetirsinlər. Çünki biz məlumatları müxtəlif instansiyalarla dəqiqləşdiririk. Noyabrın əvvəlində vertolyotun vurulması ilə bağlı məlumat da komandanlıq ilə razılaşdırılıb, bəzi məsələləri də Prezident Administrasiyası ilə dəqiqləşdirmişik".

Çıxış edən "Ədalət" qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas deyib ki, Müdafiə Nazirliyi xəbərlərin verilməsində daha operativ olmaqla informasiyanın verilməsində KİV-i qabaqlamalıdır.

A.Abbas vurğulayıb ki, cəbhədə Azərbaycan əsgərinin cəsarəti ordumuza olan inamı daha da artırıb: "Bu gün minlərlə mərmi atılsa belə, əhali cəbhəyanı bölgədən qaçmayacaq. Keçmişdə əsgər silahını götürüb qaçırdı, əhali də qaçmalı olurdu. Ancaq indi əhali bilir ki, əsgər ölsə də, mövqeyini tərk etməyəcək".

Mətbuat Şurasının üzvü Azər Həsrət qeyd edib ki, Azərbaycan hədsiz informasiya azadlığından əziyyət çəkir: "Bunu Azərbaycanda cəbhəyanı bölgədə baş verən hadisələr bir daha sübut etdi. Hesab edirəm ki, Müdafiə Nazirliyinin təmas xəttindən 30-40 km məsafədə jurnalistlərə, yerli əhaliyə informasiya ötürmək, sosial şəbəkələrdə yaymağı qadağan etməlidir.

"APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı isə mütəmadi olaraq informasiya mübadiləsi aparılması üçün bir işçi qrupunun yaradılmasını da təklif edib: "Media təmsilçiləri, dövlət qurumları, hərbi mütəxəssislər və politoloqlardan ibarət bir işçi qrupu yaradıla bilər. Həmin işçi qrupu mütəmadi olaraq məsləhətləşmələr, bəzi dövlət qurumlarının rəhbərləri ilə müzakirələr apara bilər".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə deyib ki, Müdafiə Nazirliyi hərbi, fiziki, media isə yumşaq gücdür: "Biz mediaya mexaniki informasiya ötürücüsü kimi baxa bilmərik. Ona görə də hər kəs medianı milli maraqları müdafiə edən vasitə kimi görməlidir".

"Palitra" qəzetinin baş redaktoru Namiq Əhmədov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində informasiya təhlükəsizliyi ilə bağlı ixtisas yaradılmasını təklif edib.

Ədliyyə Nazirliyinin İdarə rəisi Faiq Qurbanov deyib ki, qeyri-dürüst, təhlükəsizliyə xələl gətirən məlumatlar dövlətin maraqlarına ziddir.

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, artıq dövlətin təhlükəsizliyi ilə bağlı hallara görə jurnalistlərə qarşı qanunvericilikdəki sərt cəzalar tətbiq olunmalıdır: "Sosial şəbəkələri nəzarətə götürməyin də vaxtıdır. Yoxsa sabah Azərbaycan ordusunun dislokasiya yerləri də sosial şəbəkələrdə yerləşdiriləcək".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə