Neftçalada YAP-ın namizədləri ilə görüş olub FOTO

Neftçalada YAP-ın namizədləri ilə görüş olub FOTO

Bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri Yeni Azərbaycan Partiyasının(YAP) şəhər və rayon təşkilatları tərəfindən uğurla davam etdirilir. SİA-nın məlumatına görə, hər seçkilərdə olduğu kimi bu seçkidə də YAP tam gücü ilə iştirak etməyi, bələdiyyələrdə daha çox təmsilçisinin olmasını qarşıya məqsəd kimi qoyub. Hazırda təbliğat-təşviqat tədbirləri çərçivəsində Respublikanın bütün şəhər və rayonlarında YAP tərəfindən namizədliyi irəli sürülən şəxslərlə görüşlər davam etdirilir. Növbəti belə görüşlərdən biri də Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə, Milli Məclisin deputatı Rüstəm Xəlilov və YAP Mərkəzi Aparatın məsul əməkdaşı Ramil Mirzəyevin iştirakı ilə YAP Neftçala rayon təşkilatında baş tutub.

Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov görülən işlər barədə iştirakçılara məlumat verib:"Rayon üzrə fəaliyyətdə olan 17 bələdiyyəyə 163 nəfər namizəd irəli sürülərək lazımı sənədləri 61 və 60 saylı Dairə Seçki Komissiyaları tərəfindən təsdiq olunub. Namizədlərin qeydə alınması üçün zəruri işlər səlahiyyətli nümayəndələr tərəfindən görülüb. Namizədlərin imza toplama işləri başa çatdırılaraq DSK-lara təqdim olunub. Seçki günü Neftçala rayonunda olan məntəqə seçki komissiyalarında müşahidə aparılması üçün təşkilat tərəfindən müşahidəçi və məşvərətçi səs hüquqlu üzvlər müəyyən edilərək siyahı mərkəzi qərargaha göndərilib. Nizamnamələrin müdafiəsi üçün ərazilər üzrə təbliğat qrupları yaradılaraq onlara treninqlər keçirilib. Rayon təşkilatında seçki qərargahı yaradılıb və qərargah üzvləri arasında iş bölgüsü aparılıb. Hazırda qərargahlar onlar üçün yaradılan fəaliyyət proqramına uyğun olaraq işlərini görür. Bundan başqa qərargahların yığıncaqları keçirilib, bələdiyyə seçkilərinin daha da mütəşəkkil keçirilməsi üçün müvafiq qərarlar qəbul edilib. Hesab edirik ki, seçki ərəfəsində heç bir problem olmayacaq və Yeni Azərbaycan Partiyası hər seçkilərdə olduğu kimi bu seçkidə də xalqına arxalanaraq bələdiyyələrdə daha çox üzvlə təmsil olunacaq".

Daha sonra çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə Respublikada dördüncü bələdiyyə seçkilərinin keçiriləcəyini qeyd edərək artıq xalqımızın bu sahədə kifayət qədər seçki təcrübəsinin olduğunu vurğulayıb: "Özünüidarəetmə orqanları, bir struktur kimi, Azərbaycanda 1999-cu ildə yaradılıb. Ötən müddət ərzində onların fəaliyyətinin hüquqi tənzimlənməsi üçün qəbul olunan qərarlar və qanunlar, eyni zamanda, əldə olunan təcrübə, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin daha da səmərəli şəkildə qurulmasına şərait yaradıb. Bələdiyyələrin əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir. Bu səbəbdən də sosial və digər aidiyatı problemlərin həllində onların üzərinə böyük məsuliyyət düşür. Əgər bələdiyyə xalq tərəfindən seçilirsə, sözsüz ki, xalqa xidmət etməlidir. Mən inanıram ki, bu seçkilərdə YAP daha çox səs toplayacaq və bələdiyyələrdə daha çox namizədlə təmsil olunacaq. Bunun üçün xalqımızın da əlindən gələcəyini əsirgəməyəcəyinə əminəm".

Milli Məclisin digər deputatı Rüstəm Xəlilov da namizədlərə bələdiyyə seçkiləri haqqında ətraflı məlumat verib və qarşıdan gələn bələdiyyə seçkilərində qələbə qazanmaq üçün ciddi hazırlığın vacibliyini önə çəkib: "Bələdiyyələrin təkmilləşdirilməsi istiqamətində qanunlar qəbul olunub. Bələdiyyələrin əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir və bu səbəbdən də sosial-iqtisadi məsələlərin həllində onların görəcəyi işlər daha çoxdur. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Konstitutsiyada bələdiyyələrin funksiyalarına dair mükəmməl müddəalar öz əksini tapıb. Ümidvarıq ki, bələdiyyələr Konstitusiyanın tələblərinə uyğun şəkildə fəaliyyətlərini quracaqlar və əsas hədəfləri xalqa xidmət etmək, Respublikada görülən abadlıq-quruculuq işlərinə təkan vermək olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə