Azərbaycan-İran əməkdaşlığının genişlənməsi üçün böyük imkanlar var

Azərbaycan-İran əməkdaşlığının genişlənməsi üçün böyük imkanlar var

Azərbaycan və İran arasında digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin genişlənməsi üçün böyük imkanlar var. Gələn il Azərbaycanda İran mədəniyyəti günlərinin, 2016-cı ildə isə İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur.

İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkman bunu Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Ə.İ.Türkman bildirib ki, Azərbaycanın zənginliyi təkcə onun enerji resursları ilə deyil, həm də böyük mədəniyyətə malik olması ilə bağlıdır. Təşkilatın sədri səfər çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində danışıqların aparıldığını diqqətə çatdırıb. O, hər iki ölkənin gözəl filmlərinin olduğunu və İranda Azərbaycan, Azərbaycanda isə İran filmləri həftəsinin keçirilə biləcəyini vurğulayıb.

Ə.İ.Türkman səfəri zamanı müştərək jurnalın dərc edilməsi barədə razılıq əldə olunduğunu, bu jurnalda iranlı mütəxəssislərin və Bakı Dövlət Universitetinin əməkdaşlarının məqalələrinin yer alacağını diqqətə çatdırıb. O, həmçinin vurğulayıb ki, hər iki ölkənin ədəbi xadimləri ilə bağlı tədbirlər də keçirilə bilər.

Azərbaycanın işğal edilmiş ərazilərində məscidlərin ermənilər tərəfindən dağıdılmasına münasibət bildirən Ə.İ.Türkman belə halların qətiyyətlə pislənilməli olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə