”Femmes Digitales” - Azərbaycan qadınları İKT-də” klubunun təqdimatı olub

”Femmes Digitales” - Azərbaycan qadınları İKT-də” klubunun təqdimatı olub

"Bakutel 2014" sərgi-konfransı çərçivəsində "Femmes Digitales" - Azərbaycan qadınları İKT-də" klubunun rəsmi açılışı olub. SİA-nın xəbərinə görə, tədbiri Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron idarəçiliyin inkişafı şöbəsinin müdiri Elnur Aslanlı açıq elan edib.

"Femmes Digitales" klubunun yaradıcısı, "B.EST Solutions" şirkətinin rəhbəri Yana Krimpe tədbirdə çıxışında estoniyalı olmasına baxmayaraq, 10 ildir Azərbaycanda yaşadığını və burada qadına olan xüsusi münasibəti heç bir ölkədə müşahidə etmədiyini bildirib: "Azərbaycanda qadına ənənəvi şəkildə formalaşmış münasibət var, qadın bu ölkədə müqəddəs bir varlıqdır və onu bir əmanət kimi qoruyurlar. Bizim klubun yaradılmasında məqsəd isə Azərbaycanın İKT sektorunda nə qədər layiqli qadınların işlədiyini və onların necə uğurlu fəaliyyət göstərdiyini nümayiş etməkdir".

Klubun açılışında çıxış edən "Microsoft" şirkətinin marketinq-meneceri və yaradıcılarından biri Səbinə Pərvizi qızların İKT-də təhsil almasının vacibliyini qeyd edərək, qızların İKT sahəsi üzrə təhsil almalarının 10% artması ÜDM-nin 3% artımına səbəb ola biləcəyini vurğulayıb.

Sonra "Bakcell" şirkətinin nümayəndəsi Xavər Qambayzadə "Azərbaycanın İKT sahəsində uğura nail olmuş qadın nə deməkdir?", Etika Akademiyasının nümayəndəsi Günel İbrahimli "Gənclər təşkilatlarının qadınların İKT-də iştirakının artırılmasında rolu", "Azerfon" şirkətinin nümayəndəsi Nigar Arpadarai "Qadınları yeni yaradılan şirkətlərdə iştiraka və İKT sahəsində biznes yaratmağa necə cəlb etməli" mövzularında məruzələrlə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə