Milli Məclisdə "İİV/QİÇS haqqında" qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçirilib

Milli Məclisdə "İİV/QİÇS haqqında" qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçirilib

Bu gün Milli Məclisin Sosial Siyasət Komitəsinin, BMT-nin Uşaq Fondunun (UNİCEF) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) birgə təşkilatçılığı ilə "İnsan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçirilib. SİA-nın məlumatına görə, yeni təklifə əsasən Azərbaycanda yetkinlik yaşına (18 yaş) çatmayan şəxslərə valideynlər və ya hüquqi qəyyumların iştirakı olmadan İİV/QİÇS üzrə tibbi müayinədən keçməyə qadağa qoyulması ilə bağlı yaş həddi 18-dən 16-ya endirilir.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, parlament tərəfindən qəbul olunan qanunların monitorinqi və bununla bağlı ictimai dinləmələrin təşkil olunması ənənə halını almaqla bərabər Milli Məclisin yeni iş metodlarından biridir.

"Bu monitorinqlər, ictimai dinləmər vasitəsi ilə qəbul etdiyimiz qanunların günün reallıqlarına uyğun olduğunu görmək, eyni zamanda, hansısa nöqsanlar varsa, onları müəyyənləşdirmək, hansısa boşluqlar varsa, onları doldurmaq istəyirik. Əslində burada son məqsəd Azərbaycan əhalisinin sosial müdafiəsini bir az da gücləndirməkdir. Bunun özü də cənab Prezidentin istəyindən və tələbindən irəli gəlir" - H. Rəcəbli vurğulayıb.

İİV/QİÇS-lə bağlı qanunun qəbulunun uzun müddət aldığını xatırladan komitə sədri vurğulayıb ki, postsovet məkanında ilk olaraq Azərbaycanda belə bir qanun qəbul olunub: "Sonradan bu qanuna bəzi əlavələr və dəyişikliklər edilməsi zərurəti ortaya çıxdı. Ancaq biz belə qərara gəldik ki, tam yeniləşdirilmiş qanun layihəsi hazırlayaq və qəbul edək. Məhz belə də oldu. Yeri gəlmişkən xatırladım ki, bu qanun 2010-cu ilin iyun ayının 18-də Avstriyanın paytaxtı Vyana şəhərində 25 min insanın qatıldığı böyük bir tədbirin müzakirəsinə çıxarıldı və o, model qanun kimi bəyənildi".

Milli Məclis sədrinin müavini Bahar Muradova isə deyib ki, İİV/QİÇS kimi təhlükəli xəstəliyə qarşı mübarizə istər dünyada, istərsə də Azərbaycanda cəmiyyətlə birgə aparılmalıdır: "İİV/QİÇS haqqında" sözügedən qanun dünyada model qanun kimi qəbul olunub. Azərbaycan bır sıra sahələrdə, məsələlərdə dünyaya nümunə olduğu kimi, bu məsələdə də dünyaya nümunə kimi çıxış edir. Hesab edirəm ki, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin iştirakı ilə " İİV/QİÇS haqqında" qanunun monitorinqinə həsr olunmuş ictimai dinləmələr parlamentin qanunyaradıcılığı prosesinə və bütövlükdə İİV/QİÇS-lə mübarizəyə öz müsbət töhfəsini verəcək".

Daha sonra çıxış edən İdman və gənclər nazirinin müavini İntiqam Babayev deyib ki, immun çatışmazlığı virusunun törətdiyi xəstəliklər tək bu gün üçün yox, hətta gələcəkdə də ciddi müzakirə mövzusu olaraq qalacaq: "Bu problem həm Azərbaycan, həm də bütün dünya üçün ciddi problem olaraq qalır. Beynəlxalq Qırmızı Xaç Komitəsi bir neçə il əvvəl İİV/QİÇS xəstəliyinin təbii fəlakətə bərabər xəstəlik olduğunu bəyan edib. Bu xəstəliyin qarşısının alınması üçün bir və ya bir neçə ölkə deyil, bütün dünya birgə mübarizə aparmalıdır".

BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Andro Şilakadze isə deyib ki, İİV/QİÇS xəstəliyi dünyada kəskin xarakter aldığında buna qarşı mübarizə effektli aparılmalıdır, əks təqdirdə cəmiyyət ciddi problemlə üzləşə bilər: "Epidemiya davam etdiyindən bu problemə qarşı mübarizə də qanunverciliklə müəyyən edilməlidir. Bu gün istəyimizdən, milli mentalitetimizdən asılı olmayaraq gənclər daha tez aktiv fəaliyyətə başlayır. Bu da bir çox hallarda müəyyən risklər yaradır. Ona görə də bizlər gənclərin mütəmadi olaraq müayindən keçməsini təmin etmək üçün ciddi maarifləndirmə işləri aparmalıyıq".

A.Şilakadze vurğulayıb ki, Azərbaycanda İİV/QİÇS Mərkəzi yaxşı fəaliyyət göstərir: "Buna baxmayaraq hesab edirəm ki, bu işə QHT-lər də cəlb olunsa daha yaxşı olar. Çünki, insanlar bəzən müayinədn keçmək üçün həkimlərdən çəkinir, ancaq QHT-lər bu xəstəliyə yoluxanların rəsmi qeydiyyata alınmasında və onların müayinəyə cəlb olunmasında yardımçı ola bilərlər".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında deyib ki, İİV/QİÇS dünyanın qlobal problemlərindən biridir: "Bu xəstəlik təkcə tibbin problem deyil, böyük ssosioloji və digər anmillərlə bağlıdır. Statistika göstərir ki, hər bir dəqiqə ərzində15-24 yaş arası 5 gənc bu xəstəliyə yoluxur. Bu onun sübutudur ki, biz İİV/QİÇS-ə qarşı mübarizədə daha qətiyyətli olmalıyıq".

Respublika QİÇS Mərkəzinin şöbə müdiri Eldəniz Muradov isə Azərbaycanda bu xəstəliyə yoluxanların statistikasını açıqlayıb: "Bu gün Azərbaycanda ümumilikdə 4694 nəfər İİV/QİÇS xəstəliyinə yoluxub. Onlardan 0-14 yaş arası 89 nəfər, 15-18 yaş arası 13 nəfər, 19-24 yaş arası 360 nəfərdir"

Müzakirələrdə çıxış edənlər də təklifi dəstəklədiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə