Həmyerlilərimiz Ukraynada həmrəy oldular FOTOLAR

Həmyerlilərimiz Ukraynada həmrəy oldular FOTOLAR

Ukraynada Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı silsilə tədbirlərə start verilib. SİA-nın xəbərinə görə, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin, Ukrayna Millətlər Assambleyasının, Müslüm Moqamayev adına Mədəniyyət Mərkəzinin və Azərbaycanın Ukraynadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən ilk bayram konserti Taras Şevçenko adına Kiyev Milli Universitetində baş tutub. Azərbaycan və Ukraynanın dövlət himninin sədaları altında başlayan bayram tədbirində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək, təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr dünya azərbaycanlılarının həmrəylik gününün tarixi əhəmiyyətindən danışıb.

Bayram şənliyinə qatılanları həmrəylik günü və qarşıdan gələn yeni il münasibəti ilə təbrik edən səfir E.Mədətli Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşəbbüsü ilə Ukraynanın bir sıra vilayət və şəhərlərində həmrəylik günü münasibəti ilə həyata keçiriləcək silsilə tədbirləri əsl vətənpərvərlik nümunəsi adlandırıb. Bayram tədbirində Taras Şevçenko adına Kiyev Milli Universitetinin prorektoru Pyotr Bex və Ukrayna Nazirlər Kabinetinin milli məsələlər üzrə idarə rəsi Yuriy Reşetnik çıxış edərək, qarşıdan gələn dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə Azərbaycan xalqına xoş və səmimi arzularını çatdırıblar.

Tədbirdə dünya azərbaycanlılarının milli dövlətçilik məvkurəsi ətrafında birləşməsində Dahi Heydər Əliyev şəxsiyyətinin müstəsna xidmətlərindən bəhs edən Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva 22 il bundan öncə təsis olunan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün çağdaş azərbaycan tarixinə ən əziz bayram kimi daxil olduğunu vurğulayıblar. Qarşıdan gələn yeni il və həmrəylik günü münasibəti ilə Azərbaycan və Ukrayna xalqına sülh və əminamanlıq arzulayıblar.

Bayram tədbirində Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Azərbaycan mahnı və rəqs ansanblının ifasında geniş konsert proqramı nümayiş etdirilib.Tədbirdə Azərbaycan və Ukrayna rəqs ansanbıllarının nümayiş etdirdiyi rəngarəng rəqs nömrələri , Ukraynanın xalq artisti Qurban Abbasov və gənc müğənni Təranə Məmmədovanın ifa etdiyi şən və həzin mahnılar bayram şənliyində iştirak edənlərə xoş və yadda qalan anlar yaşatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə