Ombudsman müşaviri təlim-seminarda iştirak edib

Ombudsman müşaviri  təlim-seminarda iştirak edib

Bu günlərdə British Council tərəfindən həyata keçirilən "Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar" adlı layihə (IDEAS) çərçivəsində "Bizim üçün bizsiz heç nə" adlı beş günlük təlim-seminar keçirilib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, əsas məqsədi əlillik məsələləri ilə bağlı işləyən vətəndaş cəmiyyəti təşkilatlarının yerli hökumətlə əməkdaşlığını gücləndirməkdən ibarət olan və Azərbaycan daxil olmaqla 6 ölkədə davam etdirilməsi nəzərdə tutulan bu layihə əlilliyi olan şəxslərin qərar qəbuletmə prosesində daha fəal təmsil olunmasına, onların hüquqlarının daha səmərəli təşviqi, müdafiəsi və təmininə yönəlib.

Aidiyyəti dövlət orqanlarının, ixtisaslaşmış QHT və KİV nümayəndələrinin, əlilliyi olan şəxslərin iştirakı ilə keçirilən həmin təlim-seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov iştirak edib.

Təlim-seminarda hökumət, QHT və KİV nümayəndələri arasında birgə fəaliyyət yollarının müəyyənləşdirilməsi, beynəlxalq və milli qanunvericilikdən irəli gələn məsələlərin müzakirə edilməsi əsas mövzulardan biri olub.

Tədbirdə fəal iştirak edən M.Mahmudov əlilliyi olan şəxslərin ölkəmizin Konstitusiyasında, tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, o cümlədən BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasında və digər qanunvericilik aktlarında təsbit olunmuş hüquqları, onların müdafiəsi sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, Müvəkkilin müvafiq normativ hüquqi bazanın və onun tətbiqi təcrübəsinin təkmilləşdirilməsi ilə bağlı irəli sürdüyü təkliflər, bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi və təbliği sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat verib.

Sonda təlim-seminarı uğurla başa vuran iştirakçılara sertifaktlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə