Azərbaycanda “Facebook”dan imtina ediləcək? MÜNASİBƏT

Azərbaycanda “Facebook”dan imtina ediləcək? MÜNASİBƏT

Hazırda dünyada ən geniş yayılan sosial şəbəkələrdən biri də "Facebook"dur. Bir çox ölkələrdə "Facebook" sosial şəbəkəsinə girişi qadağan ediblər. Analoji hadisə ölkəmizdə də baş verə bilərmi? Görəsən gənclərimiz buna hazırdırmı?

Bununla əlaqədar olaraq millət vəkili Fuad Muradov SİA-ya açıqlama verib: "Hələlik bu barədə rəsmi və ya qeyri-rəsmi məlumat yoxdur. Onu deyim ki, hazırda Azərbaycanda hər cür şərait yaradılıb ki, gənclərimiz sosial şəbəkədən istədikləri kimi istifadə etsin. Bununla bağlı heç bir problemimiz yoxdur. Bu gün "Facebook" istifadəçilərinin sayı dünyada olduğu kimi Azərbaycanda da çoxdur. Ancaq deyə bilmərəm ki, "Facbook" ölkəmizdə çox populyardır. Doğrudur yetərincə istifadə edən var. Düşünürəm ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər var ki, müəyyən qədər terrorizmi yayan çağırışlar bəzi "Facebook" səhifələrində mövcuddur. Bunun da bizim müvafiq dövlət qurumlarımız məşğul olurlar. Bu baxımdan düşünmürəm ki, belə məsələyə ehtiyac var. Yaxın gələcəkdə ölkəmizin "Facebook"dan imtina etməsini gözləmirəm. Onu da xüsusilə diqqətinizə çatdırım ki, əgər belə bir hal baş verərsə alternativ şəbəkələr olmalıdır ki, gənclər istifadə etsin. Həmçinin əvvəllər bu cür sosial şəbəkələr olmayıb. O demək deyil ki, Azərbaycan gəncləri öz işlərini görməyiblər. Ona görə də mən bu məsələni bir o qədər də ciddi hesab etmirəm".

Daha sonra Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz münasibət bildirib: "Düşünürəm ki, ölkəmizdə "Facebook" sosial şəbəkəsinin bağlanacağı haqqında yayılan söz-söhbətlər əsassızdır. Qlobal informasiya resurslarını Azərbaycan ərazisində qadağan olunması ilə bağlı dövlətin qərar çıxaracağına inanmıram. Çünki qonşu ölkələrin təcrübəsi göstərir ki, həm Türkiyədə, həm Rusiyada da cəhd olundu. Lakin heç bir ölkədə bu müsbət nəticə vermədi. Hesab edirəm dövlət nümayəndələri də "Facebook"dan, bir sözlə sosial mediadan daha effektiv istifadə etməyə çalışırlar, nəinki qadağan etmək barədə düşünürlər. Elektron hökümətlə bağlı dövlət qurumları "Facebook", "Tvitter" və başqalarına inteqrasiya edib. Dövlətin özü xidmətlərini vətəndaşlara çatdırmaq üçün sosial mediadan daha çox istifadə edir. Bir sözlə ölkəmizdə sosial mediadan imtina edilməsindən söhbət belə gedə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə