İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Gəncə-Qazax regional bölməsi üzrə aparılan yoxlamaların sayı açıqlanıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə - Qazax İqtisadi ərazi üzrə 11 rayonda aparılan yoxlamaların nəticələrinə əsasən ötən illə müqayisədə tətbiq olunan cərimələrin sayı bu il daha az olub. Başqa sözlə desək, ötən ilin müvafiq dövrü ərzində 338 yoxlama aparılıb və 328 halda qanun pozuntusu aşkar edilib. Nəticə etibarı ilə 6 ton 660 kq mal dövriyyədən çıxarılıb. Qanun pozuntularına görə 248 min manat cərimə kəsilib ki, bu cərimələrin də 103 min manatının ödənilməsi təmin olunub.
Bu ilin müvafiq dövrü ərzində isə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Gəncə - Qazax regional bölməsinin əməkdaşları tərəfindən 339 yoxlama aparılıb. Nəticə etibarı ilə 251 halda qanun pozuntusu aşkar edilib və 3 ton 621 kq məhsul dövriyyədən çıxarılıb. İstehlakçıların hüquqlarını pozduqları üçün sahibkarlara 138 min manat dəyərində cərimə tətbiq edilib və bu cərimələrin 42 min manatının ödənilməsi təmin olunub. Bundan əlavə ötən il ərzində ödənişlərin də təmin olunması istiqamətində aidiyyatı qurumlar tərəfindən lazımı tədbirlər görülüb.
Yoxlamalar əsasən ərzaq məhsullarında həyata keçirilib və aidiyyatı üzrə əsas qanun pozuntuları da ərzaq məhsullarının satışında qeydə alınıb. Təxminən 20-dən artıq sahibkara son xəbərdarlıq edilib. Bütün bunlarla yanaşı sahibkarlarla maarifləndirici xarakterli söhbətlər də aparılır. Bu tədbirlərin nəticəsi olaraq da ildən ilə bu sahədə vəziyyət müsbətə doğru dəyişir. Bir daha bildirilir ki, istehlakçıların yəni vətəndaşların hüquqlarının qorunması istiqamətində dövlət nəzarəti daima həyata keçirilir və hər kəs öz işini qanunun tələbləri səviyyəsində qurmalıdır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB