Lənkəran Teatrının tanınmış rejissoru vəfat edib

Lənkəran Teatrının tanınmış rejissoru vəfat edib

N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının rejissoru, respublikanın əməkdar incəsənət xadimi Baba Rzayev 72 yaşında vəfat edib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, B. Rzayev 1942-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və A.B.Lunaçarski adına Moskva Dövlət Teatr İnstitutunu bitirib. 1974-cü ildən Lənkəran Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayan B.Rzayev sonra quruluşçu rejissor vəzifəsində çalışıb.

1983-cü ildə teatrın baş rejissoru vəzifəsinə təyin olunub. B.Rzayev 80-dən çox tamaşaya quruluş verib. Onun səhnələşdirdiyi C. Məmmədquluzadənin "Ölülər" və Ü.Hacıbəyovun "Olanlardan-keçənlərdən" tamaşaları Azərbaycan Dövlət Televiziyasının qızıl fonduna daxil edilib.

B. Rzayev dramaturq kimi də qələmini sınayıb. Teatr və mədəniyyət məsələlərindən bəhs edən beş kitabı çapdan çıxıb.

1989-cu il mayın 17-də teatr sahəsində qazandığı nailiyyətlərə görə, əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə